A bəy
A bəy Müəllif: Aşıq Bəsti |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06. |
A bəy, nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi kimi?
Nədəndir yaxşının başın kəsməyə
Hazırsan xəncərin tiyəsi kimi?!
Güvənmə sən dövlətinə, varına,
Lənət olsun qeyrətinə, arına.
Haqdan zəfər dəysin bürcü-barına,
Lüt qalginən palaz iynəsi kimi.
Ağladım doyunca, gülmədim haşa,
Bir ah çəksəm, dağlar gələr baş-başa.
Bəsti deyər: səni də düş ataşa,
Yan novruz şamının piltəsi kimi.