Daş qəlbli insanları neylərdin, İlahi?!
Daş qəlbli insanları neylərdin, İlahi?! Müəllif: Mirzə Ələkbər Sabir |
Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, İlahi?!
Məzlumların göz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, İlahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, İlahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, İlahi?!
Iş rəncbərin, güc öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, İlahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, İlahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, İlahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, İlahi?!
Qeyrətli danosbazlarımiz iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, İlahi?!
Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, İlahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış, -
Bədbəxt Tükəzbanları neylərdin, İlahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..
Mənbə redaktə
- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 158-159