Səyavuş/İkinci pərdə

Birinci pərdə Səyavuş. İkinci pərdə
Müəllif: Hüseyn Cavid
Üçüncü pərdə
I SƏHNƏ


Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.

B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl!
İşə zərbə vurma, gəl!

B i r i n c i m ə’ m u r
(aqsayan bir qulu itələyir)
Çapuq yürü, aqsama,
Çох qalmadı aqşama.

İ k i n c i m ə’ m u r
(İxtiyar köylüyü vurur)
Haydi, şaşqın ixtiyar!
Tənbəllərə qırbaç var.

İ х t i y a r
Vurma, sönmüş qüvvətim,
Yoqdur daha taqətim.

İ k i n c i m ə’ m u r
Başqa laf istəməm, sus!
Əmr eyləmiş Keykavus:
Bu qəl’ə hər nə olsa
Bitməlidir bir aya.

B i r i n c i m ə’ m u r
Hər kim boyun qaçırsa,
Ölümdür ən son cəza.

İ k i n c i m ə’ m u r
Əvət, bu möhkəm qəl’ə
Yüksələcək göylərə.
(Uzaqdakı Bəlx qəl’əsini göstərir.)
Bəlxə qarşı daima
Olacaq hökümfərma.

B i r i n c i b ə n n a
Gəl, quzum, tez ol da gəl!
Gözüm qaldı yolda, gəl!
Çamur gətir, daş gətir!
Durma, arqadaş gətir!

İ k i n c i b ə n n a
Haydı, quzum, kərpic at,
Kirəc gətir, az su qat!
Gecikmə, gəl, durma, gəl,
İşə zərbə vurma, gəl!

B i r i ş ç i q ı z
(əlində boş çamur tabağı, təlaş ilə gəlir)
Gəldilər, ah gəldilər.

B i r i n c i m ə’ m u r
Kimlər?

İ ş ç i q ı z
Bir xeyli əskər.

B i r i n c i m ə’ m u r
Bəlli, şah nəfərləri.

İ k i n c i m ə’ m u r
(baqar)
Əvət, durma, gəl bəri!
Gedərlər. Çalışan köylülər bir yerə toplanır.

A l t a y
Qızmış demək yenə saray qurtları,
Çiynəyəcək həp keçdiyi yurtları.

İ х t i y a r
Altay, Altay, coşma, saqın, duyarlar,
İsyançı, qaçaqçı deyə qıyarlar.

A l t a y
Bütün ölkə inləyirkən aclıqdan,
Şu vicdansızların qidası həp qan.

İ х t i y a r
Bitmədi də xalqı üzən qırbaçlar,
Parlayacaq şimdi oqlar, qılıçlar.

İ ş ç i q ı z
Şah da bərabərmi?

İ х t i y a r
Kim bilir!

İ ş ç i q ı z
(Çocuqca bir sadəliklə)
Baba!
Şah da bizim kibi bir insanmı ya?

İ х t i y a r
Əvət, о da bir nev insan sayılır.

A l t a y
Yalnız onun iki buynuzu vardır.

İ ş ç i q ı z
(ixtiyara)
Bən hiç buynuzlu şah eşitməmişdim,
Bu söz doğrumu ya?

İ х t i y a r
Doğrudur, cicim!

B i r i n c i b ə n n a
Keykavusun olmasaydı buynuzu
Baş hərəm saymazdı bir uğursuzu.

İ х t i y a r
Əvət, sanmayın ki, о pək şanlıdır.

B i r i n c i b ə n n a
Qulağının dibi zə’fəranlıdır.

İ ş ç i q ı z
Bu hiç olur şeymi?

İ х t i y a r
Yavrum, ən düzü,
Bütün sarayların budur iç yüzü.
О sapqın böcəklər föhşə mə’nusdur,
Həya, namus ancaq bizə məxsusdur.

B i r i n c i m ə’ m u r
(arqadaşı ilə bərabər geri dönər)
Nə var yenə, yoqsa fürsət buldunuz?
Haydi, iş başına!
(Aqsağa bir qırbaç ilişdirir.)
Biçimsiz donuz!

B i r i n c i b ə n n a
Çamur gətir, daş gətir!
Durma, arqadaş, gətir!

İ k i n c i b ə n n a
Haydi, babam kərpic at,
Kirəc gətir, az su qat!

B i r i n c i m ə’ m u r
(düşünüb duran ixtiyar köylüyü şiddətlə vuraraq)
Haydi, baqıb durma, bunaq ixtiyar!

İ х t i y a r
Ah!

D ə l i q a n l ı
(qolundan tutub qaldırır, mə’mura)
Vicdansız!..

B i r i n c i m ə’ m u r
(Dəliqanlıya bir sillə vurur)
Aşma həddini, mırdar!

D ə l i q a n l ı
Bir də vur!

B i r i n c i m ə’ m u r
(bir daha vurur)
İştə, al!

D ə l i q a n l ı
(onu yaqalar, dizi altına alaraq)
Şımardın, yetər!
Baq, adamı böylə rəzil edərlər.

İ k i n c i m ə’ m u r
(çalışan köylülərin içindən fırlayaraq)
Bıraq!

K ö y l ü l ə r
(ona hücum ilə)
Saqın, coşma!
(Mə’muru yaqalayırlar.)

B i r i n c i m ə’ m u r
(boğuq səslə)
Bıraq!

D ə l i q a n l ı
(birinci mə’muru ayağı ilə itərək)
Sus, alçaq!
Yetər, biz deyiliz sizə oyuncaq.
Bu ilk ibrət olsun, unutma əsla,
Azğınlara qarşı yoq deyil cəza!

Şaşqın bir sükut… Bu sırada əskəri muzika ortalığı çınlatır. T u s ilə bərabər İ r a n c ə n g a v ə r l ə r i ətrafı sarır.

B i r k ö y l ü
(təlaş ilə gəlir, çalışanlara)
Zavallılar! Burda siz
Qan-tərlərə batarkən,
Köydəki hər qülbəniz
Batmış yasa içindən.

T u s
Nə olmuş?

K ö y l ü
Aqınçılar,
Həp var-yoqu aldılar.

İ ş ç i q ı z
(Tusun əskərlərinə)
Yardım edin bizlərə,
Ümid ancaq sizlərə!

T u s
Haydi, çabuq getməli,
Həpsini dəf’ etməli!

Ə s k ə r l ə r
Durmayın, arş iləri!
Çevirəlim həp geri.

Əskərlərin bir qısmı, mə’murlar və köylülər gedər, muzika…

T u s
(başqa tərəfə baqar)
Baqın, şu yoldan keçən
Adamlar hanki eldən?

B i r i n c i c ə n g a v ə r
Bəhey, yolçu! Getmə, dur!

T u s
Yabançıya bənziyor.
Kibar qıyafətli bir çinli onlara yaqlaşır.

B i r i n c i c ə n g a v ə r
Gəl bəri!

T u s
Siz kimsiniz?

E l ç i
Çindən gələn elçiyiz,
Gətirmişiz xaqandan
Keykavusa ərməğan.

T u s
Yoldaşların nerəli?

E l ç i
Bəlli, bizim ölkəli.

B i r i n c i c ə n g a v ə r
Kim bilir, bəlkə casus!?

T u s
Yetər, sus!

B i r ə s k ə r
(gəlir, təmənna edər.)
Qəhrəman Tus!
Çoq uzaqda, yoldan bir toz yüksəldi.

T u s
Görünür Rüstəmlə Səyavüş gəldi.
(İki-üç əskərlə uzaqlaşır.)

B i r i n c i c ə n g a v ə r
(elçiyə, gəldiyi tərəfi göstərir.)
Dəmin orda incə bir qız da gördüm…

B i r ə s k ə r
Qız demə, bir nazdır etmiş təcəssüm.

E l ç i
Çin xaqanı onu göndərmiş şaha.

B i r i n c i c ə n g a v ə r
Gətir bana!

İ k i n c i ə s k ə r
Bıraq, Səyavüş duysa,
Nə azğınlıq!? – deyə həmən saldırır,
Babamızı məzarından qaldırır.

B i r i n c i ə s k ə r
(alayçı gülüşlə)
Gözəllərə baqmaq könül qidası,
Sən hiç təlaş etmə, çıqmaz qavğası.

B i r ə s k ə r
(çinli rəqqasəyi gətirir. Arıq, çirkin və yüzü bürüşük bir kösə də onları izlər)
İştə, yad ellərin incə töhfəsi!

B i r i n c i c ə n g a v ə r
Bəhey! Sən nəçisin?

K ö s ə
(qızı göstərir)
Onun kölgəsi!

B i r i n c i c ə n g a v ə r
(elçi ilə kösəyə)
Siz gedin, çadırda bəkləyin bir az.
Haydi!
Elçi gedər.

R ə q q a s ə
(həyəcan ilə)
Ah!

K ö s ə
Bən, xayır.

B i r i n c i c ə n g a v ə r
Xayırmı… haylaz!
(Ayağını hiddətlə yerə vurar.)

K ö s ə
Nasıl ayrılayım yosma qızımdan?

B i r i n c i c ə n g a v ə r
Bu mümkünmü?! О bir mələk, sən şeytan!

K ö s ə
Ən parlaq gündüzlər gecədən doğar.

B i r i n c i c ə n g a v ə r
Sus!

K ö s ə
Lələyəm ona, əməklərim var.

Köyə yardıma gedən mə’murlar və əskərlər əllərində piyalələr, şərab dəstiləri və talan edilmiş şeylər gəlirlər.

B i r i n c i c ə n g a v ə r
Nə tez?

İ k i n c i c ə n g a v ə r
Savuşmuşlar, yoqdu bir nəfər.

B i r i n c i c ə n g a v ə r
(dəstiləri göstərir)
Bunlar nə?

İ k i n c i c ə n g a v ə r
Ən nəfis, içimli şeylər!
(Çirtik çalar.)
Ortaq olduq köylü vətəndaşlara,
Böylə gözəl şərab görmədim asla.

B i r i n c i c ə n g a v ə r
Bu mümkün…
(Rəqqasəyə)
Haydi, sən bizə şərab ver!

K ö s ə
Bən verəyim, о pək gözəl rəqs edər.

İ k i n c i c ə n g a v ə r
Onun sonduğu mey daha nuş olur.

K ö s ə
Siz nə dilərsiniz əlbət хoş olur.

Qız şərab paylar, ağır ahəng ilə musiqi çalınır. Kösə dürlü hərəkətlər və hoppalıqlarla oynar.

B i r i n c i c ə n g a v ə r
(ikinciyə rəqqasəyi göstərir)
İştə Çin ahusu, görmədinsə gör!
Nur gəlir gözünə ona baqsa kör.

İ k i n c i c ə n g a v ə r
(Kösənin qolundan tutub kənara fırlatır)
Qız oynasın, sən də şərab ver bizə!

K ö s ə
Pəki, baş üstünə, can qurban sizə.
Musiqi dəyişir, qız rəqs edər. Kösə qoynundan kağıza bükülü bir qadar bəng çıqarır, dəstiyə dökər. Sonra piyalələri doldurur. İçərlər. Kəndisi də dodaq altından zəmzəmə eylər.
Bəngi qatdım şərabə,
Dəniz döndü sərabə.
İçərlər, həp içərlər,
Qayğıdan vaz keçərlər.
Nəş’ələndir həyatı,
Qalındır yerin qatı;
Çəkər səni kamına,
Ağu qatar camına.
Varkən əlində fürsət,
Qoyma könüldə həsrət.
Ömrün hər sevincindən
Bir busə al da əylən!

H a m ı
Ömrün hər sevincindən
Bir busə al da əylən!

N ö v b ə t ç i
(ətrafa baqar, təlaş ilə)
Bəhey, orda bir qaraltı var.

B i r i n c i c ə n g a v ə r
Şübhəsiz, aqınçılar!

İ k i n c i c ə n g a v ə r
Əvət, bıraq gəlsinlər,
Gücümüzü bilsinlər.

B i r i n c i c ə n g a v ə r
Haydi, saqlanalım gizli bir yerdə.

İ k i n c i c ə n g a v ə r
Şərablar nə olsun?

B i r i n c i c ə n g a v ə r
Qoy içsinlər də,
Sərxoş ikən qollarını bağlarız.
(Kösəyə)
Al şu qızı, rədd ol! Unutma yalnız,
Ağzınızdan bir söz belə çıqarsa,
Batacaqdır evdə ananız yasa.

K ö s ə
Xayır, xayır, bizim ağzımız bütün.
(Rəqqasə ilə bərabər gedirlər.)

B i r i n c i c ə n g a v ə r
(arqadaşlarına)
Haydi, qorqunc olur hücumu türkün.

İ k i n c i c ə n g a v ə r
Saqın, hiç şaşırma, hanki düşmana
Saldırsa ordumuz, dönər davşana.

B i r i n c i c ə n g a v ə r
Gurlama, düşmanı küçük görənlər,
Küçük göstərənlər çoq sürməz inlər.
Dikbaşlar ansızın həp diz çökərlər,
Qaliblərə qarşı boyun bükərlər.

İ k i n c i c ə n g a v ə r
(alaycı gülüşlə)
Gəl, canım, görünür çocuqkən anan
Yıldırmış gözünü yabançılardan.

Çəkilirlər, muzika… Türk pişdarlarından beş-altı nəfər gəlir. Dəstiləri yoqlar, qədəhlərdəki içkiləri içərlər.

B i r i n c i d ə l i q a n l ı
Dəstilər doludur, amma kimsə yoq.

İ k i n c i d ə l i q a n l ı
Qorqub savuşmuşlar.

Ü ç ü n c ü d ə l i q a n l ı
Öyünməyin çoq.

B i r i n c i d ə l i q a n l ı
Az içəlim…

İ k i n c i d ə l i q a n l ı
Gözəl şərab, baqsana!

Ü ç ü n c ü d ə l i q a n l ı
Umulmaz bir nəş’ə verir insana

Təkrar doldurub içərək coşğun bir ahənglə türkü söylərlər.

B i r i n c i d ə l i q a n l ı
Qılıclar parlasın, yer-göy çınlasın.

H a m ı
Çınlasın, çınlasın, ho, çınlasın, çınlasın.

B i r i n c i d ə l i q a n l ı
Dost ya düşman bizim gücü anlasın.

H a m ı
Anlasın, anlasın, ho, anlasın, anlasın.

B i r i n c i d ə l i q a n l ı
Oq atmayız qorqub qaçan davşana.

H a m ı
Davşana, davşana, ho, davşana, davşana.

B i r i n c i d ə l i q a n l ı
Nerdə qəhrəmanlar? Çıqsın meydana!

H a m ı
Meydana, meydana, ho, meydana, meydana!

B i r i n c i d ə l i q a n l ı
(qılıcını çəkərək)
Arş iləri, hücum, hücum!

İ k i n c i d ə l i q a n l ı
Bıraq bəni, sərxoş oldum.

B i r i n c i c ə n g a v ə r
(arqadaşları ilə bərabər sıyırmaqılıc pusqudan çıqar)
Bəhey, qoçaq, siz kimsiniz?

B i r i n c i d ə l i q a n l ı
Qorqu bilməz yigidləriz.

B i r i n c i c ə n g a v ə r
Öylə isə gəl baqalım.

B i r i n c i d ə l i q a n l ı
Haydi, haydi çarpışalım.

Hər iki tərəf sərxoşca hərəkətlərlə çarpışırlar. Bir qısmı yaralanıb, digər qısmı səndələyir. Bu sırada bir yandan Gərşivəz, bir yandan Bəhram və Tus kəndi əskərləri ilə onlara qarışır, qavğa daha qızışır. Ən sonra R ü s t ə m l ə S ə y a v ü ş gələr.

R ü s t ə m
(məğrur və amİranə bir səslə bağırır)
Bəhey! Durun, sayğısızlıq yetər!

S ə y a v ü ş
Aqan qanlar artıq yetər.

İ k i n c i c ə n g a v ə r
Bən ayıldım, şərab verin!

B i r i n c i d ə l i q a n l ı
Yay gətirin, oq gətirin!
(Əlindəki yaya oq qoyur.)

S ə y a v ü ş
(düşən yaralıları göstərər)
Bunca xalqı əzib bitirmək niçin?
Hər tərəfdən çəlik qollar seçilsin.
Çarpışsın yigitlər həp birər-birər,
Kim üstün gəlirsə ondadır hünər.

R ü s t ə m
Əfrasiyab hanı? Çıqsın meydana!
Büksün qollarımı, ər deyim ona.

G ə r ş i v ə z
О yoqsa da qarşındadır Gərşivəz.

R ü s t ə m
Rüstəm hər qəhrəman ilə döyüşməz.

G ə r ş i v ə z
Öyünmə çoq, ağlar öncə gülənlər.

S ə y a v ü ş
(Bəhrama)
Umulmaz bir təhqir, bunu kim dinlər!?

R ü s t ə m
Unutma ki, о yılmaz bir qəhrəman!

S ə y a v ü ş
Ər deyilim ona verirsəm aman.

G ə r ş i v ə z
(alaycı gülüşlə)
Çocuqlarmı çıqmaq istər qarşıma?!

S ə y a v ü ş
Nə cür’ət!.. Çocuqmu söylədin bana?
Ucuz oturmaz bu gülünc söz sana.

G ə r ş i v ə z
Bir düşün, anana yazıq deyilmi?

S ə y a v ü ş
Boş öyünməkdənsə vuruşmaq eyi.
Qılıclar parlar, bir qədər vuruşurlar.

R ü s t ə m
İran güvəndikcə böylə arslana,
Gülünc olmaz hiç bir dosta, düşmana.

G ə r ş i v ə z
(qalqar, yenə hücuma başlar)
Böylə boş yaralar vız gəlir bizə.

S ə y a v ü ş
Bən hazırım.

P i r a n
(xızlı adımlarla gəlir, hayqırır)
Durun! Nə olmuş sizə?

R ü s t ə m
(Tusa, xüsusi)
Kimdir şu ixtiyar, hanki qəhrəman?

T u s
İştə Əfrasiyab vəziri Piran!

P i r a n
Bu dəhşətlər niçin, bu qan niçindir?

R ü s t ə m
Onu sərdarınız Gərşivəz bilir

G ə r ş i v ə z
Bənsiz alavlanmış bu kinli qavğa.

R ü s t ə m
(türk əskərlərini göstərir)
Bunları coşduran hanki qasırğa?

G ə r ş i v ə z
Bən göndərdim doğru xəbər bilsinlər,
Gərginlik sirrini duyub gəlsinlər,
Sonra baqdım ki, parlıyor qılıçlar.

P i r a n
Fəqət niçin? Bəlli ki, bir səbəb var.

R ü s t ə m
(cibindən çıqardığı kağıza ona uzatır)
İştə məktub, oqu!

P i r a n
(oqur)
Bu bir fitnədir.

R ü s t ə m
Ya о talanlar, о basqınlar nədir?

P i r a n
Basqınmı? Hər zaman bildiyin oyun…
Sizinkilər çalar qaramal, qoyun,
Bizimkilər ərzaq için saldırır,
Məs’ulmu ya buna hökumət?.. Xayır!

Coşqun muzika… Bu sırada yarımçıplaq və yaralı bir yığın erkək köylü gəlir. Köylülər əllərindəki dəyənək, yaba, oraq və baltaları sallayaraq isyançı bir ahəng ilə.

İ х t i y a r
İştə onlar, iştə onlar!
Tüğyan edən şu azğınlar!
Həp əzildik, həp soyulduq,
Xain əllərdə məhv olduq.

R ü s t ə m
Göstər, hanı о xainlər?
Cəza görsün birər-birər.

A l t a y
(Həyəcan içində həm uzaqları, həm də İran əskərlərini göstərir.)
Bir yandan Turanın qaçaq elləri,
Bir yandan İranın azğın əskəri.
Qanımızı içib-içib doydular,
Qız-gəlini soyub çıplaq qoydular.

İ х t i y a r
Yüzlər soluq, gözlərdə fər qalmamış,
Çökmüş göküslərdə cigər qalmamış.

R ü s t ə m
(ətrafındakılara)
Ar olsun sizlərə, ar olsun, əvət!
Əsla ummadığım alçaq xəyanət.
Sizdən uğurludur taun, qasırğa,
Xayır, yol verilməz bu azğınlığa.

P i r a n
İştə, ən silinməz qara bir ləkə,
Hiç də yaraşmıyor bu, əskərliyə.

A l t a y
Lə’nət bu varlığa, yetər, usandıq,
Kəndi yaqdığımız atəşdə yandıq.

İ х t i y a r
(köylüləri göstərir)
Baqın bunlara, bir baqın bunlara!
Nifrət sizə, sizdəki qanunlara!

A l t a y
Taun da, vəba da uğurlu sizdən,
Ölüm belə qaçar işgəncənizdən.

S ə y a v ü ş
(sarsılır, qızğın və coşğun)
Ötər keçdiyiniz yerdə bayquşlar,
Qəhrəman cildinə girən sərxoşlar!
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan!..
Biz gəldik ki, çignənməsin yurdumuz,
Məgərsə çignəyən kəndi ordumuz.
Qıtlıq, aclıq, tufan, ölüm, fırtına…
Cümləsi bir yana, sizlər bir yana.

A l t a y
And olsun vicdana, bu gündən sonra,
Hər kim yan baqarsa şu yoqsullara,
Yıldırımlar patlayacaq başında,
Adı yazılacaq məzar taşında.

Pərdə


II SƏHNƏ


Keykavus sarayında başqa bir salon… Südabə taxt üzərində yaslanmış, cariyələr ətrafını sarmış. Rəqqasə – çinli qız incə və lirik musiqi ilə həmahəng olaraq şarqı söyləyib oynar.

R ə q q a s ə
Qayğısız baharın ılıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin о bayğın səsi
Oqşadı ruhumu güllər açarkən.
Yasəmən, nilüfər, sümbül, mənəkşə
Mey sundular bana elmas jalədən,
Günəş üryan vücudumu əmdikcə,
Bir tülə büründüm sanki lalədən.
(Salonu tərk edər.)

S ü d a b ə
(qalqıb oturur, coşğun baqışlar və şən qəhqəhələrlə)
Pək tühaf! Səyavüş öylə sandı ki,
Zindan olur məzarım.
Zülmətləri yaran böcəklər kibi
Sönmək için parlarım.

B i r i n c i c a r i y ə
Halbuki bir quldur sana Keykavus.

S ü d a b ə
Çoq da bəni öymə, sus!

İ k i n c i c a r i y ə
Sənsiz bütün cihan məhbəsdir ona.

S ü d a b ə
Xayır, inanmam buna.

İ k i n c i c a r i y ə
İnan, səhər yıldızına and olsun!

B i r i n c i c a r i y ə
Suriyənin şən qızına and olsun!

S ü d a b ə
(həzin bir ah ilə)
Qarşımda diz çöksə bütün yer yüzü,
Yenə Səyavüşdə könlümün gözü.
Məhbəsdə inlərkən düşündüm onu,
Aşqımın həp odur əvvəli, sonu.

R ü b a b ə
(gəlir, son cümlələri dinlər)
Yazıq!.. Bunca zəif bilməzdim səni,
Öpsün zəfər dalğaları çöhrəni.

S ü d a b ə
Xayır, bu gün bənim halım başqadır,
Könlümdəki çarpıntılar pək ağır.
Bir diləyim varsa, onun visalı,
Gözlərimdə yalnız onun xəyalı.
Səyavüşün о dik, о məğrur başı
Əyilməz olursa sevgimə qarşı;
Onu al qanlarda görmək istərim,
Saçlarından çələng örmək istərim.
Muzika.

K e y k a v u s
(gəlir, Südabəyi məhzun görüncə)
Niçin dalmış yenə bahar günəşi?

R ü b a b ə
Anarkən sıqıldı mənhus keçmişi.

K e y k a v u s
Keçmişdən nə çıqar, yarın хoş olsun.

R ü b a b ə
Lütfünüzə qarşı Südabə məmnun.

P i ş х i d m ə t
(gəlir, əyilir)
Çin elçisi!

K e y k a v u s
Gəlsin!
(Südabəyə)
Səninlə sonra!..
(Onlar çıqar, elçi gəlir. Ona yanında yer göstərir.)
Buyur!

E l ç i
(oturur)
Son görüşçün gəldim hüzura.

K e y k a v u s
Əfrasiyab haqqında fikriniz nə?

E l ç i
О bir təhlükədir İranə, Çinə,
Gündən-günə aşıb durur həddini,
Həm sizə, həm bizə qarşı var kini.

K e y k a v u s
Qorqutamaz bizi öylə fırtına,
Məndən səlam edin Çin xaqanına!
Dostluğumuz sağlam, təməlli olsa,
Altay üfüqləri batar həp yasa.

E l ç i
Əlbir olsaq, əvət, onlar tez susar.

S ü d a b ə
(rəqqasə və kösə ilə bərabər gəlir. Keykavusa.)
Rəqqasənin sizə bir ricası var.

K e y k a v u s
Nədir?

S ü d a b ə
Diyor: lələm Çinə getməsin,
Çocuqluqdan bəri alışmış ona,
Ayrılıq yük olur incə ruhuna.

K e y k a v u s
Qalsın.

K ö s ə
(əyilərək)
Təşəkkürlər!..

K e y k a v u s
(elçiyə)
Həp gətirdiyin
Töhfələr bir yana, şu qız bir yana.

S ü d a b ə
О pək sevimli bir munisdir bana,
Parlaq bir incidir, misli yoq onun.

K e y k a v u s
Pək gözəl, adı qoy Dürdanə olsun.

S ü d a b ə
Qurnaz ixtiyar da zərif bir insan!
(Digər salona keçərlər.)

K e y k a v u s
Pək tühafdır, əvət.

P i ş х i d m ə t
(gəlir, təmənna edər)
Rüstəm pəhləvan!

K e y k a v u s
Çağır gəlsin.

E l ç i
Bən gedəyim.
(Təmənna edib çıqar.)

K e y k a v u s
İzzətlə!..
(Ətrafa.)
Nə tez? Niçin geri dönsün о böylə?!

R ü s t ə m
(Bəhramla girər, əskərcə təmənna edərək.)
Səlam!..

K e y k a v u s
Nə yapdınız? Nə oldu qavğa?

R ü s t ə m
Ordular vuruşdu qarşı-qarşıya.

K e y k a v u s
Sonra?

R ü s t ə m
Birər-birər başlandı döyüş,
Gərşivəzə üstün gəldi Səyavüş.

K e y k a v u s
(məğrur və məmnun)
Həlal olsun ona qəhrəman adı.

R ü s t ə m
Dostlar deyil, düşman da alqışladı.

K e y k a v u s
Sonra?

R ü s t ə m
Piran gəldi, xəbər verdi ki,
Onlarda olmamış qavğa istəyi.

K e y k a v u s
(sinirli)
Ya kimlərdir basqın yapan alçaqlar?

R ü s t ə m
Bir yığın ac, başı pozuq qaçaqlar.

K e y k a v u s
Sonra?

R ü s t ə m
Haqsız qanlar aqmasın deyə,
Səyavüşlə Piran gəldi bir rə’yə.

K e y k a v u s
Nasıl?

R ü s t ə m
Barışdılar.

K e y k a v u s
(qızğın)
Barışdılarmı?!

R ü s t ə m
Yersiz vuruşmanın mə’nası varmı?

K e y k a v u s
Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!
Əfrasiyabdandır bu hiylə əlbət.

R ü s t ə m
Hiç də öylə deyil, basqın yapanlar;
Həpsi yol vuranlar, yoldan sapanlar,
Yalnız onlarmı ya, bizimkilər də
Dirlik qoymadılar qomşu köylərdə.

K e y k a v u s
Köylər dağılsa da ağrıtmaz bəni,
Ancaq Əfrasiyab bilsin həddini.

R ü s t ə m
Bir səbəb yoq ikən, bəncə bu qavğa
Ağır bir zərbədir qəhrəmanlığa.

K e y k a v u s
(acı və alaycı qəhqəhə ilə)
İştə, hər ikiniz qorqaq və miskin!
Səyavüş də xain, Rüstəm də xain!..

R ü s t ə m
(sərt və kinli)
Qorqaqmı, xainmi?! Çirkin iftira!
Dayanmaz insan bu təhqirə əsla!

K e y k a v u s
(bağırır)
Rüstəm!

R ü s t ə m
(eyni ahənglə)
Həddini bil, nə sandın bəni?

K e y k a v u s
Sus! Şöhrətin məğrur etməsin səni.

R ü s t ə m
Saqın, güvənmə çoq təxtü tacına!

K e y k a v u s
(sinirli adımlarla gəzinərək)
Səyavüş də söz yoq, uymuşdur sana,
Hər ikiniz asi! Azğın bir asi!
Layiq sizə ancaq ölüm cəzasi!..
(Salonu tərk edər.)

R ü s t ə m
(sarsılır, Bəhrama)
Eşitdinmi böhtanları?
Eşitdinmi həzyanları?!
İştə quduz bir canavar,
Başda ölüm xülyası var.

B ə h r a m
Çıldırsa da farqı yoqdur,
Sənin gücün daha çoqdur.

R ü s t ə m
Artıq bana oldu əyan;
Cənnət imiş Zabilistan.
Dönməliyim əski yurda,
Namus, şərəf həpsi orda!..

(Südabə pərdə arqasından görünür və geri çəkilir.)

B ə h r a m
Ya Səyavüş!

R ü s t ə m
Hiçdir sonu,
Çabuq, yoldan çevir onu!
Gördüyünü söylə, həmən
Uzaqlaşsın bu ölkədən.
Gedərsiniz sən də, о da
Əfrasiyab hüzuruna.
Dayısıdır, hiç olmazsa
Orda qiyam olmaz ona.
(Sinirli və qızğın.)
Bıraq, burda Südabənin
Zevci dalsın da işrətə;
Ədalət və qanun desin
Hər zülmə, hər cinayətə.
Gəl gedəlim, nifrət olsun
Şu yıldızlı vəhşətlərə!
Artıq yetər, lə’nət olsun!
Ölüm qoqan şəhvətlərə!..
Gedərlər.

S ü d a b ə
(pərdə arqasından çıqar, acı qəhqəhə ilə)
Get, Südabə çoq inlətdi
Sənin kibi arslanları.
Önümdə çoq sönüb getdi
Dəhşət, zəfər vulkanları.
(Vurğun baqışla, uzaqlara.)
Ya Səyavüş!? Həp könüldə
Çınlar durur onun səsi.
(Son dərəcə kinli.)
Bəndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi!..

Pərdə