"Əkinçi", 21 avqust 1875, №3/Qışda soyuq torpağa daxil olmaqdan xəbər verir

Təzə xəbərlər "Əkinçi", 21 avqust 1875, №3

Bu 1875-ci sənənin yanvar ayında Firəngistanın Parij şəhərinin millət
bağında Bekkeril adlı kəs imtahan ilə aşkar edib ki, göy ot, yəni çəmən bitən yerə
soyuq az daxil olur, amma açıq, yəni ot olmayan yerə artıq daxil olur. Məsələn,
havada 12 dərəcə soyuq olan zaman açıq və çəmənli yerləri yarım arşın dərinlikdə
qazıb onların soyuqluğuna baxanda görmək olur ki, çəmənli yerdə yarım arşın
dərinliyində 1 dərəcə soyuq var, amma açıq yerin arşın dərinliyində 6 dərəcə soyuq
var. Bu səbəblərə binaən məzkur Bekkeril bağbanlara məsləhət edir ki, əgər
qumustan yerdə soyuq olduğuna orada əkilən meyvə ağacları soyuqdan xarab olur
isə o ağacları bəlimə ya qeyri şeylərə bükməkdən o ağacların dibində çəmən əkmək
yaxşıdır. Bu çəmən onların köklərini soyuqdan mühafizət edib, qoruyub, tələf
olmaqdan saxlar.


Parij şəhərində 1867-ci sənənin sentyabr ayından dekabr ayının axırınacan,
yəni dörd ayın müddətində 535, amma 1869-cu sənənin zikr olunan aylarında 626
və 1872-ci sənənin məzkur aylarında 1144 və keçən 1874-cü sənənin zikr olan
aylarında 1000 nəfər at, eşşək və qatır əti yeyib. Bu siyahıdan belə məlum olur ki,
at, eşşək və qatır əti Parij şəhərində gün-gündən ziyadə yeyilir. Həmçinin
Firəngistanın qeyri şəhərlərində şimdi məzkur ət artıcaq yeyilir. Əvvəl zaman
şikəst olmuş heyvanları kəsirlər imiş, amma indi qəssablar sağ və işə gedən atın
birisinə əlli manata qədər pul verib onu kəsib ətini satırlar.