Çağır gəlsin dən, Koroğlu

Çağır gəlsin dən, Koroğlu
Müəllif: Koroğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu.
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan, Koroğlu.

Qırat əldən getdi barı
Canda qaldı intizarı.
Üyüd arpa, buğda, darı
Al şahadın sən, Koroğlu.

Uca dağları döşlətdin,
Ağır alaylar boşlatdın.
Yüz il lotuluq işlətdin
Axır oldun xan, Koroğlu.

Qırat burdan getdi büyün
Sinəmə vurdu dağ, düyün.
Gedim dəllərə nə deyim?
Öl burada, qal Koroğlu.