Çorlu Məhəmmədin Suxara səfəri

%50 tamamlandı
Çorlu Məhəmmədin Suxara səfəri
Müəllif: Çorlu Məhəmməd

Çorru Məhəmməd Aşıq Şenliyin adını eşidənnən sonra ona şəyird olmaq arzusuna düşmüşdü.Bir gün Çorru Məhəmməd Ağbabanın Sultanabad köyündən çıxıb Çıldır tərəfə, yanı Suxarıya yola düşdü.Yolda belə qərara gəldi ki, Aşıx Şennihdən qabax onun qardaşı Əhmədnən dörüşüb ona qonax olsun. Deyirlər ki, bu Əhməd də qardaşı Aşıx Şenlik kimi sinədən deyən və çox uzaqgörən bir adam olub.
Bəli Çorru Məhəmməd gəlib Suxara kəndinə çatdı. Birinnən xəbər alıb Əhmədin evinə getdi. Əhməd qonağı yaxşı qarşıladı. Allah verənnən onlar yeyib içdilər. Əhməd Çorru Məhəmmədin Aşıq Şenliyə şəyird olmasını bilib dedi:
- Qonax qardaş, deyirəm gəlsənə bir yüngülvari deyişək.Nə deyirsən
- Sən qabaqca de, mən də dalını deyəcəm.....
Çorru Məhəmməd belə deyəndə Əhməd o saat sözə başladı.
Görək bu yerdə Aşıx Şenliyin qardaşı Əhməd nə dedi. Biz deyək Siz də eşidin.

Aldı Əhməd:

Qərib qonax mətləbini bilmişəm,
Bəyzadasan, sazdan-sözdən gendə dur.
Yerin deyil, qəm oduna yanasan,
Necə deyim, sən ataşa öndə dur.
 
Aldı Çorru Məhəmməd:

Mən qanıram, annıyıram sözünü,
İstəmirəm könlün oda qalıyam.
Məni dinlə, bir yaxşı aç gözünü,
Qoynu-başı pünhan sirnən doluyam.
 
Aldı Əhməd:
Dolanırsan el-el kimin eşqinə,
Tay -tuşunnan niyə düşdün seşginə.
Sən dərvişsən bənzəyirsən coşguna,
El-obada bir münasif yerdə dur.
 
Aldı Çorru Məhəmməd:

Haqqa bağlı varı-yoxu könlümün,
Ürəyinə dəyər oxu könlümün,
Gəl əlləmə mənim sofu konlümü.
Pirim abdal, mən də qırxlar quluyam.
 
Aldı Əhməd:

Əhməd deyər başa düşdüm hər işin,
Xırxa geyən tərgidərmi vərdişin.
Görübsənmi heç fələyin gərdişin,
Qılışsansa, qan eyləmə, qında dur.
 
Aldı Çorru Məhəmməd:

Məhəmmədəm bələn oldum sirrinə,
Yetmiyifsən məqamına, yerinə.
Yetər bəsdi çox getmirəm dərinə,
Ol Hasanın qardaşısan, halıyam.

Söz tamama yetdi. Ancaq buralarda at oynadan rus və erməniləri görən Çorlu Məhəmməd aldı görək dübarə nə dedi:

Aldı Çorru Məhəmməd:

Urusnan erməni tutub işini,
Dağıl belə dünya, kafir baş olub.
Yağılar dağıdır elin malını,
Alosman deyilən dərdə tuş olub.
 
Daha gözüm görmür mərdi, kişini,
Urus buralara töküb qoşunu,
Çoxu loxma tapmır, yeyir beş- onu,
Dünyanı titrədən Türk də çaş olub.
 
Çıldır, Axırkələk, Qars əldən gedib,
O şirin söhbətlər, söz dildən gedib,
Nə gedib obadan, həm eldən gedib,
Öl Çorlu Məhəmməd, bağrın daş olub.

Əhməd də Çorlu Məhəmməd də bir birini yaxşı tanıdılar, yəni bildilər ki, kim kimdi və nə başarır.Əhməd Çorru Məhəmmədi bir gecə qonaq saxladı. Sabax olan kimi onu yanına salıf Aşıq Şenliyin evinə apardı.
Səhər o başdan Aşıx Şenlik sazı sınəsinə basıb qəmli- qəmli oxuyurdu. Aşıx Şenliyin belə oxuması bütün köyə yayılırdı.
Çorlu Məhəmmədin gəlişi ilə görək burda Türk Dünyasının böyük sənətkarı və alınmaz qalası nə dedi:
Biz deyək Siz də eşidin. Allah sizləri xoşbəxt eləsin.

Aldı Aşıx Şenlik:

Nəmərdlər yurdumu çapir, talayır,
Mərdi dara çəkir gədələr, Allah.
Nahaq meydandadı, pislik iş olub,
Hanı Haqqı görən didələr, Allah.
 
Zəmanə ərlərin əyib qəddini,
Murdarlıq çoxalıb, keçib səddini,
Göstər alçaqlara sən də həddini,
Yedi azmanları güdələr, Allah.
 
Qul Şenliyəm gəl al mənim canımı,
Dağıtdı kafirlər xanimanımı.
Dərd alıb əlimdən din-imanımı,
Görürsən nələr çəkir dədələr, Allah.

Soz tamama yetdi. Aşıx Şenlik qonaxnan görüşdü. Əhməd necə olmuşdu eləcə də qardaşına olanları danışanda Böyük sənətkar razlıxnan başını tərpətdi:
Beləcə Çorru Məhəmməd Aşıx Şenliyin yanında xeylax qalıb şəyirtdih elədi. Əslində bu dostluğuydu, yoldaşlıq idi onların arasında.