Ömrüm axır olanda nə qılım mən, xudaya

Ömrüm axır olanda nə qılım mən, xudaya (XII əsr)
Müəllif: Əhməd Yəsəvi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ömrüm axır olanda nə qılım mən, Xudaya?
Can alıcı gələndə nə qılım mən, Xudaya?

Can vermənin vəhmindən, Əzazilin zəhmindən,
Şəfqət olmasa Səndən, nə qılım mən, Xudaya?

Can vermək işi düşvar, asan qılgil, ya Cəbbar
Səndən özgə yox qəmxar, nə qılım mən, Xudaya?

Canım cüda olanda, tənim burda qalanda,
Taxta üzrə alanda nə qılım mən, Xudaya?

Aciz olub yatanda, fəriştələr girəndə
“Mən rəbbik” dib soranda nə qılım mən, Xudaya?

İtib gira qoyanda, yeddi qədəm dönəndə,
Sorucular girəndə nə qılım mən, Xudaya?

“Mən rəbbük” dib duranda, qara gündür uş anda,
“Rəbbin kimdir?” deyəndə nə qılım mən, Xudaya?

Qul Xacə Əhməd sən bəndə, nəfs əlində şərməndə,
Məşhər günü olanda nə qılım mən, Xudaya?