İmiş
Müəllif: Aşıq Məmmədcəfər
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.

Ay ağalar, gəlin sizə söyləyim,
Dəmirçidə Əli Koxa var imiş.
Biz dindirdik, o nataraz danışdı,
Demiyəsən, hövsələsi dar imiş.

Əvvəlcə bilmədik onun halını,
Dindirəndə tez qabartdı yalını,
Çapovul aparsın mülkü-malım,
Çörək vermək onun üçün ar imiş.

Qonaq gəlcək durub evdən qaçacaq,
Tələsiyib yarğanlardan uçacaq,
Düşündük gözünü yumub açacaq,
Deməyəsən bir gözü də kor imiş.

Cəfər deyər, moltanıca malı var,
Bu köpəyin şeytanlıqda əli var,
Biz dedik koxadı, bir kamalı var,
Demiyəsən, boz qulaqlı xər imiş.