İnsan (Şair Alməmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İnsan
Müəllif: Şair Alməmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Axırı fikr eylə, qafil dolanma,
Qəlbini şeytandan yad elə, insan!
Elə iş tut, aqibətdə utanma,
Bacar könül yıxma, şad elə, insan!

Bu dünya dediyin fanıdı, fanı,
Əvvəl Nuh gəlmişdi, almayıb, hanı?!
Puç eylədi İsgəndər tək xaqanı,
Bizə də əsəcək bad elə, insan!

Alməmməd dünyada hələ bihuşdu,
Bənadəm dediyin vətənsiz quşdu.
Səxasız dövlətin axırı puçdu,
Ye malın, cahanda dad elə, insan!