Şahların sarayı bir dənizdir ki

Şahların sarayı bir dənizdir ki
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Şahların sarayı bir dənizdir ki,
Orada sədəf yox, yüz min nəhəng var.

Arzu gəmisini salmaz heç zaman,
Bu coşğun dəryaya, ağlı olanlar.

Bir inci verməz də, can almaq üçün,
Hər dəqiqə sənə min oyun tutar.

Könül, gəl, sən ağlın pənahında ol,
Ki, ağıl tamahın boynunu vurar.

Bir tikə çörəyə, suya qane ol,
Nə sərvət, nə mənsəb, nə ağa axtar!