Əzəldən şah bizim sultanımızdır

Əzəldən şah bizim sultanımızdır
Müəllif: Şah İsmayıl Xətai


Əzəldən şah bizim sultanımızdır,
Pirimiz, mürşidimiz, xanımızdır.

Şaha qurban gətirdik biz bu canı,
Şahın sözü bizim imanımızdır.

Həsudə yoxdurur, yalançıya mərg
Ki, gerçək söhbəti bürhanımızdır.

Şahı həqq deyibən girdik bu yola,
Hüseyniyüz, bu gün dövranımızdır.

Biz imam qullarıyüz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır.

Yolumuz incədir, incədən-incə
Bu yolda baş verək, ərkanımızdır.

Xətaiyəm, məvali, sirri-Heydər,
Şahı həq bilməyən düşmanımızdır.