Ağlama Nigar, ağlama

Ağlama Nigar, ağlama
Müəllif: Koroğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ürəyimi eləyib qan
Ağlama Nigar, ağlama...
Olum gözlərinə qurban
Ağlama Nigar, ağlama.

İgid olan cəfa çəkər,
Dost yolunda qanın tökər.
Ağlamağın bağrım sökər
Ağlama Nigar, ağlama...

Qəmli könül dəmə gəlməz,
Dərdi olan ağlar, gülməz.
Qorxaqlar er dərdi bilməz
Ağlama Nigar, ağlama.

Dəlilərim gələr cuşa,
Müxənnət eylər tamaşa.
Qan qusacaq Xəlil paşa
Ağlama Nigar, ağlama.

Meydanda nərə çəkərəm,
Göydən od-alov tökərəm.
Dağlar, qayalar, sökərəm
Ağlama Nigar, ağlama.

Koroğluyam ər götürrəm,
Mən Bayazıda yetirrəm.
Eyvazı alar, gətirrəm
Ağlama Nigar, ağlama.