Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz
Müəllif: Məhəmməd Füzuli

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.

Can bağışlardı ləbin izhari-göftar eyləyib,
Vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz.

Səcdəgah etmişdi eşq əhli qaşın mehrabını,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.

Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
Cism ilə can irtibatı olmadan möhkəm hənuz.

Əşk sərf eylər fələkdən kam hasil qılmağa,
Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.

Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.

Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.