Ay qız (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ay qız (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Batıbsan qumaşa, ala,
Qaş oynadıb gülən, ay qız.
Düşübsən özgə xəyala,
Süzə-süzə gələn, ay qız.

Nə gedirsən axa-axa,
Yandım, axı baxa-baxa.
Getmə gözümdən irağa,
Dərdim, sərim bilən, ay qız.

Süzgün baxırsan oylağa,
Kəklik kimi çıxdın dağa.
Məmmədhüseyni ötür bağa,
Bağrım başın dələn, ay qız.