Bir yaşından beş yaşına çatanda,
Yenicə açılmış gülə bənzərsən.
Beş yaşından on yaşına çatanda
Arıdan kəsilmiş bala bənzərsən.
On dördündə sevda enər başına,
On beşində yuva qonar döşünə.
Çünki yetdin iyirmi dörd yaşına —
Yazda boz-bulanıq selə bənzərsən.
Otuzunda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən.
Qırx yaşında haramdan əl çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əlli yaşda əlif qəddin bükülər,
Altmışında azı dişin tökülər.
Yetmişində qolun-qıçın bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.
Səksənində ağrı enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Tağı deyər: çünki yetdin yüzünə
Dağlar başındakı kola bənzərsən.