Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz

Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz
Müəllif: Mirzə İsmayıl Qasir
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Bos ki, əhsəndir yüzün heç nəqşi-digər istəməz,
Mən bu vəchilə dedim: bu vəch zivər istəməz.

Əşki-çeşmim səfheyi-ruxsarı qıldı laləgun,
Bir də ol məh surətindən kəsbi-əhmər istəməz.

Mişki-zülfündən sənin əxz eyləyib rütbə bunu,
Bu müşəxxəsdir ki, müşki-əzfər ənbər istəməz.

Natəvan canım düşüb qətli-vüsalın əzminə,
Qaşların müştaqdır, bir ayrı xəncər istəməz.

Lələ baxmaz görsə hər kəs qönçeyi-xəndanını,
Bir də bil, məhşər günündə abi-kövsər istəməz...

Naz ilə rəftar edən sərvini görsə, bağban,
Bağ ara şümşad, azadü sənubər istəməz.

Var nə qədri bu fəna dünyada ömrü, dilbəra!
Qasiri-biçarə səndən qeyri dilbər istəməz.