Bulud qarşısında

Bulud qarşısında
Müəllif: Mikayıl Müşfiq


Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!
Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!

Həyəcan az deyildir onsuz da içərimdə,
Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,
Səndən umacağım yox, dolaşıb üzərimdə
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!
 
Düşün, uzun qissədir bu gəncliyin qissəsi,
İstəməm gurultunu, mənim səsim mis səsi,
Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi.
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!

Dolaşma başucumda bir qara qüvvət kimi,
Aydın yoluma çıxma bir dərin zülmət kimi,
Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi.
Yetər, çaxma, ey bulut!
Mənə bir qədər sükut!