Cahanda
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Var-dövlət bir yana, haqq bir yanadı,
Bizdən üz döndərib, dönüb cah anda.
Gör kimlər qınadı, kimlər yanadı,
Şahinlər sar oldu fani cahanda.

Gədaya sultanlıq yarayarmıdı?
Vəfasız o, dilbər, yar, a yarmıdı.
Acı zəmanədə yarayarmıdı,
Xilaf çıxdı əhdə, axır cahan da.

Məmmədhüseyn, sevdin gözəl anda sən,
İlqar, iman kəsib, çəkdin anda sən.
İşi müşküldədi, indi an da, sən,
Deyim əhdü-peyman qalıb cahanda.