Düşdüm (Mirzə Baxış Nadim)

Düşdüm
Müəllif: Mirzə Baxış Nadim
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Neyləmişdim, yarəb, həqq dərgəhində,
Xəstə olub müdam, cahanə düşdüm.
Yazıldı naməmiz ölkəbəölkə,
Yetişdi dillərə, dastanə düşdüm.

Can qurban eylərəm görsəm dustimə,
Durubdurlar o zalımlar qəsdimə,
Yengi gəlmiş idi təbib üstümə,
Qədəm basdı geri, dərmanə düşdüm.

Canü başım olsun yolunda fəda,
Cavan ömrüm əcəb yanıbdur oda,
Neyləmişdim məgər, ey Tari, xuda,
Giriftar oluban, zindanə düşdüm.

Xəstə Baxış, sözün demə bihesab,
Oxudum Quranda ayətül-kitab,
Təşnəlikdən oldu cigərim kabab,
Axtarıban dəşti-bəyanə düşdüm.