Dübarə-səbarə
Dübarə-səbarə Müəllif: Cəfər Cabbarlı |
Verir müsəlmanə yüz macəra dübarə-səbarə,
Edir qəzetlər ona iftira dübarə-səbarə.
Biri yazır ki: müsəlman qalıb cəhalət içində;
Biri deyir: boğulur qızları səfalət içində.
Yazır bir ayrısı: millət ölür zəlalət içində.
Hələ “Babayi-Əmir" də çıxıb bu halət içində,
Edə bu xalq gününü qara dübarə-səbarə
Verir müsəlmanə yüz macəra dübarə-səbarə.
Yalandır hər nə qəzetlər yazır, inanmayın anə,
Olub müsəlman hamı suyi-elmü fənnə rəvanə;
Nə qədər alimi-şair görün dolubdu zəmanə,
Gətirdi bizləri, vallah, qəzetçi təngə, amanə.
Qaçaq buların əlindən hara dübarə-səbarə?
Verir müsəlmanə yüz macəra dübarə-səbarə.
Baxın bu yanda "Nicat"ə, görün o yanda “Səfa"nı,
Bu yanda "Nəşri-maarif” batırdı elmə cahanı,
Hələ o yanda da "Xeyriyyə” söylə, varmı yalanı?
Bu qədər babi-həmiyyət qalan millətdə bəs hanı?
Qəzet yazır yenə çunü çəra dübarə-səbarə.
Edir müsəlmana yüz macəra dübarə-səbarə.
Deyir ki, milləti-islam xabi-nazə dalıbdır,
Yalandı bu, hamı elmi əlinə müslim alıbdır.
Dram cəmiyyəti gör, bir cahana lərzə sahbdir.
Hələ bu opera cəmiyyəti o yanda qalıbdır.
Qoyur hər həftədə beş opera dübarə-səbarə,
Qaçaq buların əlindən hara dübarə-səbarə?