Dağlar (Bir ay yarım nobahardan keçəndə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağlar (1905)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Bir ay yarım nobahardan keçəndə,
Car olur köksündən sellərin, dağlar!
Çalxanır sonalar, çığrışır qazlar,
Zəm-zəm zümzüməli göllərin, dağlar!

Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!

Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!

Hanı mərd iyidlər, boş qalıb yurdu!?'
Səxavətdə Eldar nur-alə-nurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar!

Gözəllər çeşməndən götürmür abı,
Dad verə dəhanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü Bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!

Sarınərdən top-tüfəngin atılı(r),
Qısır Murğuz Şah-dağına çatılı(r).
Bir əmliyin bir tümənə satılı(r),
Xəzəl olu(r) yenə pülların, dağlar!

Kəpəz, Murov, Qonur - gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ort(a) ayında yağdırırsan qar,
Səf çəkib üstündə salların, dağlar!

Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzun çəkir qi(y)lü-qalların, dağlar!

Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nə'rəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar!

Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!