Ey dan ulduzu
Müəllif: Cəfər Cabbarlı


Qaranlıq gecədə səni gözləyib
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu!

Öksüz taleyim tək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən.
Oxşatdım, yanıldım, könül verdim mən,
Bilmədən vuruldum, ey dan ulduzu?

Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ-sola,
Hər yana buruldum, ey dan ulduzu!

Büsbütün yorulub gücdən düşərkən
Bir ulduz parladı uzaq üfüqdən.
O görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!