Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz

Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz
Müəllif: Biqələm

Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz,
Yanar duzəxdə nar əhli, mənim tək şöləvar olmaz.

Əlacı mümkin olmaz, düşsə hər kim mən düşən dərdə,
Qalar könlündə həsrətlər, əlində ixtiyar olmaz

Bu məhrudən vəfa umma, mənim müştaq olan könlüm,
Vəfalı olsa məhrulər gedib əğyarə yar olmaz.

Gözəllər zülfünə, könlüm, əsiri payibənd olma,
Həzər qıl bu gözəllərdən bunlarda etibar olmaz.

Tutub bədbəxtçilik daim, mənim çaki-giribanım,
Gəlibdir Biqələm təngə, belə bəd ruzigar olmaz.