Gözüm gördü, könlüm sevdi
Gözüm gördü, könlüm sevdi (1915) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Yağış tökdü üstümüzə
Göylər birdən, bir kərəm, hey!
Güllər baxıb güldü bizə,
İy su oldu o Sənəm, hey!
Şehli bağa bənzədi o!
Göy yarpağa bənzədi o!
Şux zanbağa bənzədi o!
Yan, ey Qərib, Şahsənəm, hey!
Batum əski Qız qalası,
Batum yurdun göz qalası!
Xaqanımın öz qalası,
Səndə doğub Şükriyyəm, hey!
Torpağında, daşmdaca,
Gördüm bulaq başındaca!
“Sevdim” on beş yaşındaca,
Bundan sonra kükrəyəm, hey!
Bu ləpirlər izi imiş,
Bəy Süleyman qızı imiş!
Dilək imiş, arzu imiş!
Körük oldu bu sinəm, hey!
O Əslidir, mən də Kərəm,
Mən bu sirri gizlətmərəm!
Yarı burda gözlətmərəm,
Car eyləsin qoy aləm, hey!
Həp ağlını, kamalını,
Həp hüsnünü, camalını;
Sən Cavadın Qumralını
Yaz, ey qələm, ey qələm, hey!..
Batum, 15 mart, 1915