Gözün aydın
Müəllif: Cəfər Cabbarlı

"Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,
Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
"Hürriyyət"i-İran deyərək, tacə yanaşdı,
El: “şahlığı yıx", - söylədi; amma ki, o çaşdı,
Dırmaşdı sənin təxtinə, İran, gözü aydın!

Toplandı nümayəndələrin məclisi-amə,
Sən başladığın işləri çatdırdı təmamə,
Möhtacmış İran on üçüncü bir imamə,
Qoydu yenə də köhnə tası köhnə hamamə,
Fırlandı yenə köhnə dəyirman, gözün aydın!
Əvvəldə dedim mən sizə bunlar bir oyundur,
İşlər düzəlib getdi, çal, iranlı, toyundur.
Məclis dedi: el bir sürü sağmalca qoyundur,
Qalmış, deyəsən, bir neçə şalvar, di soyundur.
Lazım deyil iranlıya yorğan, gözün aydın!

Ded-ded-de-demokrat de dedik, çıxdı şaşa şah,
Əsrin dili gəlməz buna, yıxsın evin Allah!
Əhsən Rza xan, "mersi" təşəkkür, bərəkallah!
Dünya gülüyor sən də gül, iranlı, de hah-hah.
Boş qalmadı axır qoca Tehran, gözün aydın!

Keçmiş Rza “xan", layla çal iranlıya, de "yat"
İranda demişdim sənə oynanmada şahmat;
Var səndə piyadə düzülüb qarşıya top, at.
Sən "şah" dedin İranda, saqın söyləməsin “mat",
Olmazsan əgər sonda peşiman, gözün aydın!

Hər il deyəsən Avropaya borcludur İran,
Bir köhnə İran şahı və bir nargilə qəlyan.
Bore verməyə tapdın, qoca İran, yenə imkan.
Bir xan yetişib dadə, yazıq, tutdu qolundan,
Etdi sənə hər müşkülü asan, gözün aydın!

Toplandı nümayəndələrin məclisə doldu,
Tapdı sənə insafilə dərman, gözün aydın!
Boş qalmadı təxtin bir igid çıxdı bu yandan,
Dırmaşdı sənin təxtinə İran, gözün aydın!