Hər kəsdə kəmal olmasa ürfanlığa dair

Hər kəsdə kəmal olmasa ürfanlığa dair
Müəllif: Əbdülxalıq Yusif
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Hər kəsdə kəmal olmasa ürfanlığa dair,
Nitq edə gərək bisərü samanlığa dair.

Bidanişü ürfan necə hikmətdən urar dəm,
Ta olmasa xasiyyəti loğmanlığa dair.

Gər xatəmi bir əhrimən eylərsə də sirqət,
Onda tapılar canmı Süleymanlığa dair.

Öz-özünə bir şəxs müsəlman desə olmaz,
Gər olmasa ətvari müsəlmanlığa dair.

Tac ilə deyil səltənətü təxtilə dövlət,
Soltanda gərək baş ola soltanlığa dair.

Hər surəti insan olan olmaz özü insan,
İnsanda gərək fəhm ola insanlığa dair.

Sözdən bilinir gövhəri-əsliyyeyi-insan,
Dana danışırmı sözü nadanlığa dair?

Bəs fərq nədir adəmü heyvan arasında,
Hər gah ki, danışasan sözü heyvanlığa dair.

Bu əsrdə, gəl sən də pərişan sölə, Yusif,
Əsbab fərahəmdə pərişanlığa dair.