Həsbi-hal (3) (H.Cavid)

Həsbi-hal (3) (1910)
Müəllif: Hüseyn Cavid
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur. Qafqasiya türklərindən şu kəlami-müqəddəsi bir qaç kərə eşidib duymamış bir nəfər təsəvvür olunmaz zənn edərim. Müsəlmanlıq bir avropalının dediyi kimi quru bir lafdan ibarət isə... Hiç! O əmriqüdsiyyəyə itaət isə... Hanya! O nerədə? Japoniyalılar islamiyyəti qəbul etmək fikrində imiş! Diyorlar islamiyyətin erkək-qadın haqqındakı təhsili-elm, hörməti-mütəqabilə, müsavat kibi bir çoq şeyləri o kitabdan, bu kitabdan oquyub duysalar, ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin bir qaç müdəqqiq, müfəttiş göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əf’al və hərəkatına göz qoysalar şaşıb qalmazlarmı? Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir həqqivərasətə malikdirlər. Rəsuli-əkrəm[1] tə’lim və tərbiyədə hiç fərq qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə, nasıl olur da ki, böylə bir əmri-müqəddəsi hiç məsabəsində tuturuz. Əcəba, səkiz-doquz yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunur? Bir çoq mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını söyləməkdən çəkinmıyorlar, əcəba məktəb, tə’lim və tərbiyə insana itaətsizlikmi öyrətir? Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət – evlada məhəbbət, böyüklərə itaət nə olduğunumu tə’lim edər? Sadədillik xoş bir şey olsa da, bu qadarı, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü gün ehtimal ki, bir taqım səfsətəamiz quruntular ilə, boş xəyallar ilə kəndimizi mütəsəlli edəlim... Fəqət yarın? Yarın hər işimizdə olduğu kibi, qız tərbiyəsi haqqında da başımıza, gözümüzə vuracayız, kor-peşiman olacayız, lakin nəticə bir yana çıqmayacaq. On yıl əvvəl oğullarını məktəbə verməyən, tərbiyəyi sapqınlıq ədd edənlər şimdi nerdə? Hər tərəfə baqarsın eyi, fəna, istər-istəməz hər kəsdə evladını tərbiyə etmək məraqı qabarmaqda, coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara məxsus iki-üç ibtidai məktəb açılmaqdadır. Lakin üç-dört illik yarım-yanlış məktəblər səkiz-doquz sənəlik ev tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!.. Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qadar xurafat uçurumlarında yuvarlanır gedər. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə qorqutulur. Başı açıq dışarı çıqacaq olsa göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili ənvai-mevhumat ilə zavallının mə’nəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorqunc kölgələr bir dürlü başından çıqamaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorqaqlıq kibi bir taqım rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir. Binəva çocuq sabahdan aqşama qadar küçədə, bacada, toztopraq içində yaşar, qoşar, nihayət bir yeri səqətlənir, yaxud ordanburdan dürlü-dürlü müsri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – diyor. Şimdi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii hiç... Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbayı öyrənməyə başlar, ev divarına baqsa hesab cədvəlləri görür, ə’mali-ərbəəyi üç-dört yaşında gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə əlayaq vurmağa, çırpınmağa başlar, məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır, bir azdan sonra qarşınızda iyirmi yaşında universitetdən mə’zun fazil bir əfəndi bulursunuz, bir çoq heyrətamiz baqışlar ilə süzdükdən sonra, o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz. Şimdi, o iste’dad, o fevqəladəlik ona nerədən gəldi? Göydən zənbil iləmi endi? Yaxud Allah-təala o zəka və iste’dadı onlaramı münhəsir etmişdir? Təbii, bunların hiç birisi deyil! Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilən ərlərindir. Lakin bu nöqtəyi eyicə nəzərdə tutmalı ki, təbiət kimsəyə yüz görməz, kimsənin əlində baziçə olmaz. Cənabi-Həqq təbiətə öylə bir qüvveyi-qahirə, öylə bir qüdrəti-qalibə vermiş ki, daima qalib gəlir, məğlub olmaz. Kəndisinə qarşı durmaq istəyənləri pənceyiqəhrində əzər, örsələr, məhv edər, yaşatmaz. Uzağa getmək lüzumsuz, yalnız on yıl bundan əvvəlki halımızı düşünsək nə dərəcə dəyişdiyimizi, sevmədiyimiz, ürkdüyümüz halda, bir çoq nöqteyi-nəzərdən təbiətə nasıl boyun əydiyimizi apaçıq görüb anlarız. Bu gün azacıq təbiətə qarşı durub evladını tərbiyədən məhrum bıraqanlar, yarınki gün cigərguşələrinin zillət, fəlakət odunda yanıbqavrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər... Çocuqlar mə’sumdurlar, onunçin yapdıqları işlərin hiç birindən məs’ul deyildirlər, onların hal və hərəkətlərindən məs’ul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsaməhə valideyn qanun və əxlaq nəzərində şiddətlə məs’ul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə için müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz, xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məs’ul olacağı, nə müdhiş cinayət işlədiyi hər kəscə mə’lum, aydın bir həqiqətdir. Bu il olmasa belə bir qaç il sonra təhsili-ibtidainin istər qız, istər oğlan için məcburi tutulacağı şübhəsizdir. Lakin bizim istədiyimiz kibi deyil. Ümumrusiya türklərinin səmimi dostu (?) “Pruşkeviç”lərin istədiyi kibi olacaq, şimdi xanım qızlar milli məktəblərdə ana dilini oquyub öyrənməsələr, yaxud ata-anaları tərəfindən məhrum edilsələr, bir-iki il sonra zor ilə, qəhr ilə oqumağa məcbur olacaqlar. Bir də cəbrə, təzyiqə nə hacət, artıq iyirmi ilə otuz hesab etmək için anaların təsbihlər ilə, qızların barmaqlarilə komediya çıqarmaları çəkilir bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyız.

Qeydlər redaktə

  1. Məhəmməd peyğəmbər