Həsbi-hal (4) (H.Cavid)

Həsbi-hal (4) (1910)
Müəllif: Hüseyn Cavid
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Tə’lim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə gəldiyi aydın bir həqiqətdir. “Günəş girməyən yerə təbiblər girər” məsəli məşhuri-aləmdir. Buracıqda bir az haşiyə çıqmaq istərim. “Rütubət” sözilə “tərbiyə” kəlməsini düşündükdə Naxçıvandakı “Məktəbi-tərbiyə” ilə onu istila edən müzürri-sıhhat rütubəti xatırlamamaq bir dürlü əldən gəlmiyor. Naxçıvanın şu milli məktəbi, – fəqət şimdi deyil, ilk açıldığı zaman öylə idi. Nilimübarək üzərində, yə’ni, “Bazar çayı” üstündə vaqe bir məktəbdir. Məzkur məktəb məscidi-camein qoltuğuna sığınmış dar bir yerə təsadüf edər. Xaricdən şəhərə varid olmuş bir səyyahi-zavallı məktəbin divarlarına göz gəzdirəcək olsa (yarım arşın qədər) xəcalətdən tərləmiş olduğunu müşahidə edər. Fəqət məscidi-came? Naxçıvanın gözbəbəyi məsabəsində olan o böyük bina? On beş- iyirmi bin manata mal olan o mə’bəd nə oldu? İştə, o da məzkur çayın nəmli, vərəmli öpüşlərilə söndü, getdi, doğuş ilə ölüşü bir oldu. Bir qaç yerdən rəxnədar oldu, qübbəsi çatladı, qapısı bağlandı. Zatən məzkur məktəbin də orada vaqe olması məscidə mücavir olmaq için idi. Şimdi bu məktəbin günəşsizlik, darlıq, rütubətə mə’ruz olmaqdan başqa digər qüsurları da var ki, onlar da qismən güzərgah olması, məzkur çayın şırıltısı, bazarın gurultusu kibi bir çoq müğairifənni-tərbiyə maneələrdən ibarətdir. Lakin bu məktəbin ilk tə’sisini və niçin orada yapılmasını eyicə anlamaq için bir az da təfsilata ehtiyac var. Bu məktəb on beş-on altı yıl əvvəl tə’sis olunmuş. Şəhər qlavası Cəfərqulu xan Naxçıvanski cənabları ilə şəhər hakimi Slavaçinski bu xüsusda pək fədakarlıqda bulunmuşlar. “Cidilli bağ” adlı geniş, havadar, gözəl bir yerdə məktəb tə’sisini xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır. Bazardan, məsciddən uzaq bulunduğu, həm də vəqf yer olduğu bəhanə tutulmuşdur. Şəhər hakimi, xan və bir qaç gözüaçıq əfəndilər məktəbin orada yapılmasına nə qədər təlaş etmişlər isə də bir çoq mühakiməsiz həriflərə məram anlatamamışlardır. Səkiz, doquz bin rübləyə dəyən o gözəl yeri şəhər duması parasız, pulsuz məktəbə hədiyyə etdiyi halda, kimsə təqdir etməmişdir. Lakin orayı bir qaç yıl sonra bir xristian pək ucuz, pək dəyərsiz bir qiymətə almış; o vəqf (?) yerdə geniş, gözəl, bağlı-bağçalı bir klub yapdırmışdır. Şimdi anlaşılır ki, vəqf olan bir yerdə məktəb deyil, klub yapmaq belə mümkün imiş!.. Lakin yeni yapılan zaman bağda vaqe qız məktəbi isbat ediyor ki, xalq işin əhəmiyyətini azacıq təqdir etməyə başlayor. Çünki burası da Məktəbi-tərbiyə için intixab edilmiş bir qadar gözəl və havalı bir yerdir. Zənn edərsəm burası da vəqf olmalı, lakin hər nədənsə bir kərə yapılıyor yer deyildir. Hər nədənsə əgər bugünkü duyğular, görklər, bilgilər on beş yıl əvvələ təsadüf etsəydi, təbii o dürlü çürük xülyalara, mevhumatlara yol açılmazdı, o vaxt işin həqiqəti düşünülməmişdi, şimdi artıq düşünülüyor, düşünülməyə başlıyor. Qomşu kirvələrimizdə məşhur bir məsəl var ki, o da “Musurmanın sonki ağlı bənim olaydı” cümləsidir. Həqiqətdə gözəl tədqiq edilsə pək təcrübəli, pək mə’nadar bir söz olduğu dərhal anlaşılır. Bunca təfsilatdan məqsəd, Naxçıvan işlərini təsvir etmək deyil, bəlkə Qafqasyada sakin bütün türklərin hər şəhərdə, hər qəsəbədə(vəqf yeri) köhnə məzarıstan kibi bir çoq qiymətli, əhəmiyyətli yerləri əldən çıqarıb mevhumata sapmalarını ərzi-ixtar etməkdir. Bu dürlü uyğunsuzluqlara deyil bir şəhərdə, Qafqasyanın hər şəhərində təsadüf etmək mümkündür. Bir az diqqət edilsə bir çoq “bulvar”ların, şəhər bağçalarının, kilisələrin həp öylə “məzarlıq, vəqf yeri” dediyimiz yerlərdə inşa olunduğu nəzərə çarpar. Biz, vəqf yeridir, günahdır deyib qorqmuş, çəkilmişiz, bir arşın qədər hasar çəkməyi belə əsirgəmişiz. Hökumət isə bu cəhalətdən istifadə edərək yağlı-yavan, yaqşı-yaman gözünə ilişəni kəndi mal etmişdir. Mevzui-bəhsi aşdıq, söz cığırından çıqdı. Artıq haşiyəyi kəsib də yenə sözümüzə, bəhsimizə gələlim. Əvət, mümkün dərəcədə məktəb binası günəş işığından məhrum olmamalıdır. Lakin işıq bir tərəfdən gəlməlidir. Zira iki yaxud bir qaç tərəfdən gələcək olsa, müxtəlif kölgələr bıraqır ki, o da göz için müzürdür. İşığın sol tərəfdən gəlməsi daha faydalıdır. Çünki, sağ tərəfdən gələcək olsa, yazı yazarkən sağ əl dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız edər. Sınıfın (klasın) pəncərələri də olduqca çoq və aydınlıq olmalıdır. Məktəbin dört-beş arşın (rus arşını) enində günəş bir dəhlizi (koridoru) və tənəffüsxanəsi olmalıdır. Hər məktəbin mümkün dərəcədə kəndinə məxsus bir də gözəl bağçası bulunmalıdır ki, çocuqlar orada sərbəst gəzinə bilsin, saf, təmiz hava ala bilsin. Rəf’i-ehtiyac için qədəmxanələri olduqca uzaq bir guşədə bulundurmalı, qulluqçulur nəzafət haqqında pək ziyadə diqqətli olmalıdır. Sınıflarda nəzəri-diqqətə alınacaq şeylərin ən mühümmü sıra “skameyka”lardır. Sıraların ölçüsündə çoq diqqət lazımdır. Əldən gəldiyi qadar onları sıhhı, fənni bir ustaya ismarlamalıdır. Yoqsa şagirdlərin boyuna görə olmayıb da fəzləcə yuca ya alçaq olursa pək məzərrətlər iras etmiş olur. Bir də müəllimlər daima çocuqların sıra üzərində aldıqları vəziyyətə diqqət eyləməlidir. Fəna vəziyyətlər boyun, kürək, bel gəmiklərini əyər, gəmiklər əyildikdə ə’zayi-daxili də böyük zərərlər görmüş olur. Bu zərərlər bədənin xarici, daxili ə’zasından başqa, fikir üzərində də tə’siribəxş olur. Fikrin müstərih və oyanıq olması için bəhər hal baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə olmazsa təbii qan dimağ (beyin)də sərbəstcə cəvəlan edəməz. Beyin qanın cərəyani-sərbəstanəsindən məhrum olunca fikirlər, duyğular da məhdud və əqim qalmış olur. Çünki dimağ qan ilə, əfkar və ehtisasat da dimağ ilə ərzi-fəaliyyət edər. Bir də bir sırada iki çocuqdan ziyadə oturmamalıdır. Çünki bir sırada dört-beş tələbə oturacaq olsa ehtimal ki, biri müsri bir xəstəliyə tutulmuş olur da ondan digərlərinə də sirayət edər. Amerikada, Avropanın bə’zi yerlərində hər tələbəyə bir sıra təxsis edən məktəblər pək çoqdur. Sınıfda dərs müddəti pək uzun sürməməli və 45 ya 50 dəqiqəyi aşmamalıdır. Hər dərs arasında sınıfların havasını dəyişdirməlidir. Çünki tələbənin tənəffüs etdiyi zaman havaya hamizi-qarbon dağılır, tər və yağ ifrazatı təbəxxür edərək sınfın havasını olduqca zəhərlər, bərbad edər. Sınıf süpürüldüyü zaman quru süpürgə ilə süpürülməməlidir. Zira müzürr mikroblar ilə havaya qalqıb uçuşan tozlar bir azdan sonra sıraların taxtaları üzərinə enər, qonar, sonra tənəffüs edildiyi zaman məzkur tozlar ilə bir taqım mikroblar hiss edilməyəcək dərəcədə çocuqların nəfəsləri ilə ta cigərgahlarına qədər yol bulub bir çoq qorqulu xəstəliklərə səbəbiyyət vermiş olur. Bir çocuq təhlükəli bir mərəzə, keçici bir xəstəliyə düçar olmuş olursa məktəbə gəlməyə, dərsə dəvam etməyə məcbur edilməməlidir. Müvəqqət bir zəman için evlərinə göndərilməlidir. Tədavi edib sağlamlaşdıqdan sonra təkrar qəbul edilməlidir. Bə’zi çocuqların xəstəliyinə diqqət etməyib də ata-anası başından atmaq niyyətilə, müəllim də qeydsizlik və e’tinasızlıqla sınıfa qəbul etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq biçarə mə’sumların da fəlakətinə yol açılmış olur. Bir də aşı, (çiçəyi döyülmək) şəhadətnaməsi olmayan bir çocuq əsla məktəbə alınmamalıdır və məktəbə alınan çocuqların yaşlarına da pək ziyadə əhəmiyyət verməlidir. Yedi yaşdan aşağı olanları pək də qəbul etməməlidir. Çünki pək küçük çocuqlar, cır ağaclar kibi cılız, zəif bir vücud ilə dərsə başlayınca sıqılır, zəhmət çəkər, həm vücudca, həm də fikircə zəif qalır, iləriləyəməz, atidə də pək çoqları təhlikəli bir surətdə zərərdidə olur. Çocuqların əlil, miskin bir şey olmaları arzu edilməzsə, dərs arasında, baxüsus böyük tənəffüslərdə (cimnastik) və bir taqım oyunlar oynamağa müsaidə etməlidir. Xayır, sadə müsaidə deyil, təşviq və tərğib eyləməlidir. Cimnastikdə tələbəyi bir komanda altında müntəzəmən hərəkət etməyə alışdırmaq məktəblərin inzibatını tə’min edər. Bir çoq oyunlarda da müəllim çocuqları sərbəst bıraqır kibi görünməlidir, lakin sezdirməksizin əl altından nəzarəti də unutmamalıdır. Cimnastik və sairəyi layiqilə ifa etmək için ya o xüsusda mütəxəssis bir müəllimə, yaxud ona dair yazılmış əsərlərə müraciət etməlidir. Herbert Spenser diyor ki, “əgər istiqbalda hal-hazır mədəniyyətimizə vaqif olmayan bir asari-ətiqə məraqlısı məktəblərimizdə oqunan kitabları, proqramları, xüsusi imtahan kağızlarını bulacaq olursa, bunların sahiblərinin qətiyyən çocuq sahibi, yə’ni bir baba (ata) olması ehtimalının mevcud olmadığına qail olacağı kibi, his şübhəsiz ki, “bunlar monastra aid tərzi-tədris olsa gərək” deməkdən kəndini alamayacaqdır”. İştə bu sözün sahibi qoca bir ingilizdir. Bu mütaliəyi yalnız ingiliz mühitinə, məktəblərinə baqaraq yürütmüşdür. Lakin müşarileyh bizim bu məktəb, mədrəsə nami verdiyimiz səfalətxanələri, bu ətalət ocaqlarını görəcək olsaydı nə söylərdi əcəba! Yuxarıkı sözlərə diqqət edilsə, təbii, daha şiddətli, daha şayanitəkdir bir təşbih qullanacağı dərhal nəzərə çarpar. Məktəblərimizin proqramları eyicə düşünülsün; dərslərin ən mühüm qismini təşkil edən və ən çoq rol oynayan maddələr, bir taqım səfsətələrdən, ruhsuz gəvəzəliklərdən başqa bir şeymidir? İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara əsla təhəmmül etməz. Zira tə’lim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədar edəcək bir alət deyildir. O tərbiyə – bəşəriyyəti qaplayan çirkinlikləri, paslı beyinləri silib təmizləmək için mə’nəvi bir seyqəl kibi tələqqi edilməlidir. Mümkün olsa gələcək həsbi-halda şu məsələyi səthi surətdə təhlil edəriz. Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr ilə, ciddi, mütəşəbbis müəllimlər ilə kəsbi-səlah edə bilir. Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə əks etdirən islahata təbdil edib çalışan bir ayineyi-təbiətnüma müşabihəsindədir. Müəllimlərin vücudə gətirəcəyi təbdil isə digərinə nisbətlə daha əhəmiyyətlidir. Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa etməməlidir. Bir çoq tərbiyəyə, ictimaiyyatə, təbiiyyatə, əxlaqiyyətə aid kitablar da mütaliə eyləməlidir. Və mütaliəsindən bir nəticə, bir mühakimə çıqarmalıdır. Olduqca kəndi mə’nəviyyatını, kəndini, vicdanını təsfiyə və islaha çalışmalıdır, tainki söylədiyi sözlər, verdiyi nəsihətlər hüsni-nəticə verə bilsin. “Söyləyənə baqma, söylədiyinə baq” dəsturunu əldə sərmayə ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar. Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra müxatibə söylənməlidir. Bir ərəb ədibi diyor ki, “Qəlbdən çıqan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən çıxıb gedər”. Demək ki, sözün tə’sirbəxş olması için, söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir mə’lumata malik olması icab ediyor. Bir müəllim öz-özünü bir riyazəti-mə’nəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətlə tələqqi olunur. Kəmali-sür’ət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir. Bir də müəllim yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün dərəcədə kəndi nüfuzunu – sözlərinin əhəmiyyətini tə’mim və tövsiə çalışmalıdır. Şimdi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır. Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi islah etmiş olurlar. Sınıf (klas)da hər iki gündə bir, çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və ya təmiz olduqlarına diqqət edilməlidir. Müzürri-səhhət hallar, işləklər büsbütün mən’ olunub əsbabı yumşaq, tatlı bir dil ilə tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir. Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi pədəranə tövsiyələr və tənbihlər, əmin olmalı ki, pək gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri tələbəyə anlatıldıqca, şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları, hətta yaşadığı mühit belə mütənnəbih olub kəndilərini islah etməyə çalışırlar. Xalq şimdi məktəbi, ondakı tərbiyəyi azacıq hüsni-tələqqi etməyə başlamış. Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dört-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha müvəffəq olur. İbtidai məktəb proqramı olduqca təmiz, qullanışlı, aydın, qolay və mənfəətli olmalıdır. Xurafata, mevhumata aid süprüntüləri mümkün mərtəbə sınıflara bıraqmamalıdır. Əvvəldən girmiş olsa da süpürüb təmizləməyə diqqət və qeyrət etməlidir. İbtidai məktəb için türk dilində müxtəsərcə qiraət, kitabət, elmiəşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi kibi şeylər kifayət edər. İkinci ildən e’tibarən rus dili də təbii ilavə edilməlidir. Çünki onsuz da iş aşmaz. Fəqət müəllim, bunlar ilə iktifa etməyib bir çoq həqaiqi-fənniyəni, bir taqım hadisatitərbiyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə təlqin etməlidir. Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib tələbənin gözünü açmalıdır. Bir çoq təbii levhələr ilə məktəb otağı təzyin edilməlidir, çocuqlar zəhmət duymayacaq dərəcədə bir taqım xoş mevzulardan bəhs edilməlidir. Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsi- şəxsidən bütün-bütün məhrum qalmış olur.

QeydlərRedaktə