Hayıf oldu (Molla Cümə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Hayıf oldu
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı (2018). Aşıq şeirinin poetik biçimləri və çeşidləri (az). Elm və təhsil. Yoxlanılıb 2020-04-13.


İsmi pünhan köçdü fani dünyadan,
Qarışdı torpağa, göz hayıf oldu.
Xudanın tədbiri beləymiş bizə,
Soldu yanaqları, üz hayıf oldu.

Əcəl çatıb nəfəs sana düzüldü,
Qəm hicran tapdadı, bağrım üzüldü.
Yenə sevdiyimdən əlim üzüldü,
İxtilat tükəndi, söz hayıf oldu.

Bu yazıq Cumanın dönübdü baxtı,
Əsdi əcəl yeli, sərvimi yıxdı,
Dedim ki, şad ollam bu bahar vaxtı,
Töküldü burnumdan yaz, hayıf oldu.