Hoydu
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Dolun at belinə, qoç dəlilərim,
Xotkarı taxtından endirən, hoydu!
Talayaq mülkünü, alaq canını,
Evini başına endirək, hoydu!

Şığıyıb üstünə qəddini bükək!
Gərək Çənlibelə min əsir çəkək!
Paşanın başında gəlin turp əkək!
Şahın çıräğını söndürək, hoydu!

Bir hayqırsam polad qollar boşalar,
Düşmanlar əlimdən çəkər haşalar,
Öldürək xotkarlar, qıraq paşalar,
Meydanı məşhərə döndərək, hoydu!

Qeysəri öldürək, sərdarı tutaq,
Böyüyün, kiçiyin qol-qola çataq,
Ərəb at döşünə cümləsin qataq,
Çənlibelə əsir göndərək, hoydu!

Gələr Koroğlunun damaqlı çağı,
Dəlilər məclisdə, Xan Eyvaz sağı,
Aladı gözləri, qaşları yağı,
Bulğarlı xanımı dindirək, hoydu!