Kimə deyim
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Bu zəmanə betər gəlib.
Mən dərdimi kimə deyim?!
Qananlara kədər gəlib,
Mən dərdimi kimə deyim?!

Daha eşitdiyim budu:
«Davariş»lə xaraşodu.
Dilimə almışam odu
Mən dərdimi kimə deyim?!

Namərd görmüşəm Soveti,
Nədi - gədə hökuməti!
Mərdin qalmadı qiyməti,
Mən dərdimi kimə deyim?!

Tuthatutda mərd qalmadı,
Bircə abad yurd qalmadı.
Ermənidə dərd qalmadı,
Mən dərdimi kimə deyim?!

Qarsın yolları bağlandı
«Türk» deyən dillər dağlandı.
Həqiqət pünhan saxlandı,
Mən dərdimi kimə deyim?!

Bəlli mənim ərzi-halım,
Tanrı, sənə qurban olum,
Günlərimi yola salım,
Mən dərdimi kimə deyim?!

Danışıb dinə bilmirəm,
Yanıram, sönə bilmirəm,
Heydərəm, dönə bilmirəm,
Mən dərdimi kimə deyim?!