Kiminsən sən
Müəllif: Aşıq Ömər
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sallanıb seyran yerinə
Çıxan dilbər, kiminsən sən?
Siyah zülfün mah üzünə
Tökən dilbər, kiminsən sən?

Baxdım gözünə, qaşına,
Bənzətdim hüma quşuna.
Məni hicran atəşinə
Yaxan dilbər, kiminsən sən?

Payinə üz sürən qullar
Dəmadəm mədhin edərlər.
Al yanaq üstünə güllər
Taxan dilbər, kiminsən sən?
 
Seyrana gedər bostana
Bülbül qonar gülüstana.
Bizə məstanə-məstanə
Baxan dilbər, kiminsən sən?

Aşıq Ömər, seyrə varma,
Varıb divanına durma.
Ala gözə siyah sürmə
Çəkən dilbər, kiminsən sən?