Müşgünaz
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Sübhün çağı mah camalın görəndə,
Xəstə könlüm gəldi saza, Müşgünaz!
Sona tək silkinib, gərdən çəkəndə,
Bənzəyirsən quya, qaza, Müşgünaz!

Camalın görəndə, aya bənzəyir,
Sallanışın Zülеyxaya bənzəyir,
Qabaq ayna, qaşın yaya bənzəyir,
Qiymət yoxdu ala gözə, Müşgünaz!

Dörd tərəfin bənövşəli bağ olsun!
Həmişə yеdiyin bal-qaymağ olsun!
Sağ-solunda qardaşların sağ olsun!
Corabları yaxşı bəzə, Müşgünaz!

Könül qəmgin, ürək dərdli, vərəmli,
Səni gördüm səxavətli, kərəmli.
Bir mirzə lazımdı əli qələmli,
Mən dеyəm, vəsfini yaza, Müşgünaz!

Ötkün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin raxtım olaydı.
Ələsgərəm, cavan vaxtım olaydı,
Qəddim əyib qəhri-qəza, Müşgünaz!