Məzə dağı
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Yenə gəlib bahar fəsli,
Süsən, sünbül, Məzə dağı,
Açılıb güllər, nərgizlər,
Bənəfşələr, bəzə dağı.

Siyah zülfləri hörünsün,
Dal gərdəninə bürünsün,
Alçaq olsun yar görünsün,
Bir görünsün gözə dağı.
 
Bülbüllər uçdu gülümdən,
Oldum ulusu-elimdən,
Abbas qara qul əlindən,
Qan ağlayıb gəzə, dağı.