Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/103-cü xütbə

102-ci xütbə Nəhcül-bəlağə. 103-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
104-cü xütbə


İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünə gedərkən Bəsrə camaatının Təlhə və Zübeyrlə birgə Aişəni dəvəyə mindirərək onun ətrafında toplaşıb Əmirəl-mömininlə döyüşmək istədiyi vaxt buyurduğu) xütbələrindəndir. (Burada məqsəd o böyük şəxsin «Cəməl» səhabələrilə haqqı dirçəltmək və batili məhv etmək üçün döyüşdüyünü camaata çatdırmaq olmuşdur.) Allaha həmd və şükrlər etdikdən, Xatəmün-nəbiyyinə salamdan sonra: (Agah olun!) Böyük Allah heç birisinin haqqın bir kitabını oxumadığı, peyğəmbərlik və vəhy iddiasında olmadığı halda (ki, o Həzrət barədə şəkkə düşərək ona iftira atsınlar) ərəblərin arasından Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Beləlikə, (o, haqqı izhar və İslamı sübut etmək üçün) ardıcılları ilə birgə əleyhdarlarına qarşı döyüşüb onları nicat yerlərinə yönəltdi (haqq, səadət və xoşbəxtlik yoluna dəvət etdi). Ölüm kafir və azğınlıq vaxtlarında yaxalamasın deyə onları cəhalət və nadanlıqdan xilas etmək üçün (fitnə-fəsad və azğınlıq yükünün ağırlığından) aciz, əlacsız və çarəsiz (ağır yüklü) dəvə kimi sınana qədər çalışdı (ki, əbədi əzaba düçar olmasınlar). O Həzrət yalnız heç vaxt heç bir xeyir və yaxşılığı olmayan həlak olmuşdan başqa onları mənzillərinə (səadət və xoşbəxtliyə) çatdırana, azğınlıqdan xilas və qurtuluş yolunu onlara göstərənə və onları öz yerlərinə yerləşdirənə qədər yollarının üstündə dayandı (hökmlərin təbliğində səhlənkarlıq etmədi, onları fitrətləri olan İslam dininə etiqada vadar etdi). Sonra dəyirmanları fırlanmağa başladı (həyatları, işləri nizamlandı) və nizələri düzəldi (güclənərək azğınların azğınlıqlarına, zalımların zülm və sitəmlərinə boyun əymədilər). Allaha and olsun, mən İslam qoşununun önündə idim və küfr qoşununu hamılıqla arxa çevirib (öz dinlərindən əl çəkib) toplaşıb ram olana (itaət edənə) qədər qovdum. (Heç vaxt) zəif və gücsüz olub qorxmadım, xəyanət və süstlük etmədim. And olsun Allaha, (indi bu döyüşdə də) haqqı böyründən çıxarmaq üçün batili yarıram. (Seyyid Rəzi buyurur:). Bu xütbə daha öncə (otuz üçüncü xütbədə) bəyan olunsa da hazırkı rəvayətin həcminin az və çoxluğu baxımından fərqli olduğuna görə yenidən qələmə alınması lazım gəldi.