Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/108-ci xütbə

107-ci xütbə Nəhcül-bəlağə. 108-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
109-cu xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın kamal və cəlal sifətləri, mələklərin vəsfi, insanların dünyaya aldanması, qiyamət gününün sorğu-sualı və Həzrət Peyğəmbərin yaxşı əməllərindən bəziləri barədə) xütbələrindəndir. Mövcud olan hər şey Allah qarşısında boyun əyir və Ondan asılıdır. (Hər bir mövcudun varlığı Onun güc və qüdrətinin əlindədir.) Hər yoxsulu ehtiyacsız edən, hər zəlil və xarı hörmətli edən, hər acizi qüdrətliyə çevirəndir, hər məzlumun pənah yeridir. Hər danışanın sözünü eşidər, hər dinməzin sirlərindən agahdır, hər canlının ruzisini vermək Onun öhdəsinədir, hər ölənin qayıdışı Onadır. Gözlər Səni görməyiblər ki, Səndən xəbər versinlər (necə olduğunu bəyan etsinlər), yaratdığın vəsf edənlərdən əvvəl var idin. Məxluqları tənhalıq qorxusuna görə yaratmadın, onları faydalanmaq üçün xəlq etmədin. İstədiyin hər bir şey Səndən qabağa keçməz, tutduğun şey çəngindən çıxmaz. Sənə qarşı günah və itaətsizlik edən kimsə Sənin hakimiyyətini azaltmaz, Sənə itaət edib yolunla gedən, mülk və padşahlığını artırmaz. Qəzavü-qədərindən razı, şad olmayan əmrini döndərə bilməz, fərmanından üz döndərən Səndən ehtiyatsız olmaz. (Əksinə, əmrindən üz döndərməklə belə sənə möhtac olar.) Hər örtülü Sənin üçün aşkardır, heç bir gizlin Səndən gizlin deyil. (Gizlin və aşkar, hüzuru olmaqla olmamaq Onun üçün eynidir. Çünki Onun zatı ilə eyni olan elmi hər şeyi əhatə edir.) Sən həmişə varsan və Sənin üçün son yoxdur, Sən sonsan (hər şeyin qurtaracağı Sənə qayıdır). Deməli, Səndən (əmr və fərmanından) qaçmaq olmaz və Sən (hər şeyin) qayıdış yerisən. Deməli, Səndən (əzabından) Sənə (rəhmətinə) qaçmaqdan başqa yol yoxdur. Hər bir canlının alın tükü Sənin (güc və qüdrətinin) əlindədir və hər insanın dönüşü Sənə doğrudur. İlahi, Sən hər eyb və nöqsandan uzaq, təmizsən. Sənin yaratdıqlarından gördüyümüz bizim nəzərimizdə necə də böyükdür! Sənin güc və qüdrətinin qarşısında onun böyüklüyü necə də kiçikdir! Sənin padşahlığından (Allahlığından ağıl gözü ilə) gördüklərimiz nə qədər qorxuludur! Bu gördüklərimiz Sənin padşahlığında (Allahlığında) bizlərə görünməz olanların yanında nə qədər miskindir. Səndən dünyaya nə qədər də çox nemətlər gəlib və onlar Axirət nemətlərinin yanında necə də aşağıdırlar!

Bu xütbənin (mələklərin vəsfi barədə) bir hissəsidir

Mələklərdən bəzisini öz səmalarında məskunlaşdırdın və öz yer üzündən yüksəltdin. Onlar (bütün mələklər) Səni məxluqlardan (peyğəmbərlər və onların vəsilərindən başqa) daha yaxşı tanıyır, Səndən daha çox qorxur və (bu baxımdan) onlardan Sənə daha yaxındırlar (məqam və rütbələri daha yüksəkdir). (Onlar ataların) bellərində yerləşməyib, (anaların) bətnlərindən çıxmayıblar, pis sudan (spermadan) yaranmayıblar. Ruzigarın hadisələri onları bir-birindən ayırmayıb, dağınıq salmayıb. Onlar Sənin yanındakı məqam və mənzilləri ilə, bütün istəklərini Səndə cəmləşdirmələrinə (Səndən başqa bir şeyi nəzərlərində tutmurlar) rəğmən, Sənə ibadətlərinin çoxluğu, əmr və fərmanından bir an olsa belə, qəflətdə qalmamaları ilə belə yenə də onlara gizli olan əslini və həqiqətini aşkar görsələr, əməllərini (Sənin əzəmət və böyüklüyünün müqabilində) kiçik sanaraq (itaətdə təqsirlərinə görə) özlərini danlayıb məzəmmət edəcəklər. Başa düşəcəklər ki, Sənə (Zatına) layiq olan ibadəti yerinə yetirməyiblər.

(Bu fəsildə camaatın dünya malına aldanmasını məzəmmət edərək ölümün çətinliklərini xatırladır) İlahi, Səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm ki, məxluqların yaradıcısı və varlığın pərəstişgahısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (Cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən və meyvələrdən süfrə açmısan. Dəvət edəni (Həzrət Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırsın. Dəvət edənə cavab verməyib təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndirdiyin yaxşılıqlara müştaq olmadılar. (Əksinə), murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular, onunla dostluğa razılaşdılar. Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor, ürəyini xəstə edər. (Belə ki, onun eybini görməyərək çirkinliklərini də gözəl sanar.) Deməli, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didib, dünya ürəyini öldürərək özünə valeh edib. O, dünyanın və dünyadan əlində bir şey olanın bəndəsidir. Dünya hansı səmtə dönsə, ora dönər, hara üz tutsa, ora yönələr. Allah tərəfindən qadağanedici və nəsihətçi olandan (Qur’ani-Kərimdən) qəflətdən oyanmayıb, öyüd almır. Halbuki götürülmüşlərin necə də qəfil yaxalandıqlarını və pozmaq, dönüş və qayıdışa imkanı olmadıqlarını («Xudaya bizi dünyaya qaytarsan, əmr və fərmanlarına əməl edəcəyik» demələri üçün imkanı olmadıqlarını), təsəvvür etmədiklərinin (ölümün) onları necə haqlayaraq rahatlıqla yaşadıqları dünyadan ayırdığını, vəd olunan axirətə çatdırdıqlarını görürlər. Onların başına gələn çətinliklər vəsf olunmaz. Can verməyin çətinliyi, əldən gedənə görə qəm və kədər onları bürüyür, əl-ayaqlarını süstləşdirir və rənglərini dəyişir. Ondan sonra onlarda ölümün təsiri artır, hər birinin özü ilə sözü arasına maneə düşür. (Söz danışa bilmir.) Öz əhli-əyalı arasında gözü ilə (onların iztirab və narahatlıqlarını) görür, qulağı ilə (onların ah-naləsini) eşidir, ağlı yerində, fəhmi bərqərardır. Ömrünü necə başa vurduğunu, ruzigarını necə keçirdiyini fikirləşir. Topladığı malları, onları qazanmaq üçün (halala və harama) göz yumduğunu, onları (halallığı və haramlığı) aşkar və şübhəli yerlərdən əldə etdiyini yada salır. Doğrudan da o, mal-dövlət toplamağın ziyanlarına (ona görə olan cəzalara) düçar olub və onlardan ayrıldığında (bundan) agah olub. Bu mal-dövlət ondan sonra həmin naz-nemətdən istifadə edib xoş günlər keçirən sağ insanlara qalacaq. Deməli, o mal-dövlətin rahatlığı (onun xoş güzəranı) ondan qeyrisi üçündür və o yükün dəyəri (məsuliyyəti) isə onun kürəyindədir. Həmin kişi də o mal-dövlətin girovundadır. (O mal-dövlətin hesab-kitabından qurtulmayıb və qaçmağa yolu yoxdur.) Ölüm vaxtı ona aşkar olanların (çətinliklərin) təsirindən peşman olaraq əlini dişləriylə gəmirər, həyatı boyunca meyl etdiklərinə meylsiz olar. Arzu edər ki, ey kaş o malları özü yox, məqam və rütbəsini arzuladığı, malına həsəd apardığı başqa bir şəxs yığaydı. Ölüm (izləri) onun qulaqları da dili kimi işdən düşənə (heç bir söz eşitməyənə) qədər ardı-arası kəsilmədən onun bədənində görünər. Öz əhli-əyalı arasında elə hala düşər ki, nə dinib danışar, nə qulağı eşidər, öz gözlərini onların üzlərinə baxmaq üçün açar, onların dillərinin hərəkətini görüb sözlərini eşitməz. Sonra ölüm (izləri) daha da artıb ondan yapışacaq, qulaqlarını bürüdüyü (heç nə eşitmədiyi) kimi gözlərini də bürüyəcək (artıq heç nə görməyəcək) və canı bədənindən çıxacaq. Beləliklə, öz əhli-əyalı arasında murdar bir ət olar ki, ondan qorxaraq uzaq durarlar. Nə ağlayana yoldaşlıq edər, nə də çağırana cavab verər. Bundan sonra onu götürüb yerdəki (son) mənzilinə (qəbrə) gətirəcək və onu orada (tənha qoyub) əməlinə tapşıracaq, onu görməkdən əl çəkəcəklər. (Daha sonra İmam əleyhis-salam qiyamət günü yaradılmışların necə geri dönəcəyini şərh edir.) O zaman ki Allah-təalanın insanlar üçün təyin etdiyi vaxt qurtaracaq, aləmin müqəddəratı bitəcək və yaradılmışların axırı əvvəlinə qovuşacaq (hamı öləcək) və Allahın istədiyi insanların yeniləşməsi (ölülərin dirilməsi) üçün fərmanı çatacaq. (O zaman) Səmanı hərəkətə gətirib yaracaq, yeri alt-üst edərək titrədəcək, dağları yerindən qopararaq ətrafa dağıdacaq, Allahın heybət, cəlal, əzəmət və qələbəsinin qorxusundan dağlardan bəziləri-bəzilərinə çırpılacaq. Yerin altında kim varsa, hamısını üzə çıxardacaq. Deməli, onları köhnəldikdən sonra yeniləşdirib, üzvləri dağıldıqdan sonra bir yerə yığacaq. Sonra gizli iş və əməllərinə görə sorğu-sual etmək istədiyi üçün onları bir-birindən ayıracaq. Onları iki dəstəyə ayırıb (dünyada yaxşı işlər görüb itaət edən) bir dəstəyə nemət əta edəcək, (pislik edib itaətsiz olan) dəstədən intiqam alacaq. Ancaq itaət əhlinin mükafatını rəhmətində qərar verəcək, Öz əbədi cənnətində yerləşdirəcək. Elə bir cənnət ki, daxil olanlar bir daha ondan çıxmaz, (isti, soyuq, qocalıq, cavanlıq və bu kimi şeylərlə) halları dəyişməz, qorxu onlara üz tutmaz, xəstəliyə mübtəla olmazlar, təhlükə ilə üzləşmədikləri, səfərlərin onları dəyişib (qəribçiliyin qəm-kədərini, evdən uzaqlığın qüssəsini çəkməmələri üçün) bir yerdən başqa yerə aparmaz. Ancaq günah əhlinin cəzası budur ki, onları ən pis yerə (cəhənnəmə) daxil edəcək, əllərini boyunlarına keçirəcək, alınlarının tüklərini ayaqlarına bağlayacaq və əyinlərinə (çox pis qoxulu yağ olan) qətran köynək, alov saçan paltarlar geydirəcək. İstisi çox yandıran əzabda, qapıları (çölə çıxa bilməmələri üçün) sakinlərinin üzünə bağlı olan evdə qalacaqlar. Çox yandırıcı, hay-həşiri, alovu ərşə çıxan və qorxunc səsli atəşdədirlər. O atəşdə olanlar çölə çıxmaz, ona əsir düşəndən fidyə (əsiri azad etmək üçün verilən mala deyilir) qəbul olunmaz, (çünki cəhənnəm odunda yananın özünü qurtarmaq üçün verməyə malı olmaz, tutaq ki, olsa belə, qəbul edilməz), qandal və bəndləri sınmaz. Onun üçün bir müddət yoxdur ki, sona yetsin, nə də onun sakinləri üçün müəyyən zaman var ki, başa çatsın. (Və onları əzabdan qurtarsın. اللّهُمَّ إنّا نَعُوذُ مِنْها بِرَحْمَتِكَ الَّتِى سَبَقَتْ غَضَبَكَ İlahi Sənin qəzəbindən öndə olan rəhmətinə pənah gətiririk.)

Bu xütbənin bir hissəsi Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – (və o Həzrətin vəsilərinin) vəsfi barəsindədir

Həzrət Peyğəmbər dünyanı kiçik görürdü, onu xırda sanırdı (ona ürək bağlamadı) və ona əhəmiyyət verməyib onu aşağı hesab etdi. Bilirdi ki, Allah-təala onu seçib və dünyanı (məhəbbət və dostluğunu) ondan uzaqlaşdırıb, kiçik və aşağı olduğuna görə onu Həzrətdən qeyrisinin nəzərində cilvələndirdi. (Dünyanı dünyapərəstlərə nəsib etdi.) O böyük şəxs də qəlbən dünyadan üz döndərib meylsizlik etdi və ya onu yada salmağı öz nəfsindən uzaqlaşdırdı (onu xatırlamaqla məşğul olmadı). Onun zinətindən bəzənmiş paltar istəməmək və ya orada yaşamağı arzulamamaq üçün dünyanın zinət və bəzəyinə baxmamağı sevərdi. Allahının tərəfindən (dəlil və sübutla) hökmləri təbliğ etdi, ümmətini və ardıcıllarını (ilahi əzabla) qorxudub öyüd-nəsihət verdi, onları müjdələyərək Behiştə dəvət etdi. (Biz on iki İmam əleyhimus-salam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dost və yarlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.)