Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/155-ci xütbə

154-cü xütbə Nəhcül-bəlağə. 155-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
156-cı xütbə


İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır. O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq və səadət) yoluna aparacağam. O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir. Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi. Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək və bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi və möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.

Bu sözlərin (iman barədə olan) bir hissəsidir

İman yolu (Allaha və Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq və səadətə çatmaq üçün) və çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir. (Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm və bilik abad olur. Elm səbəbindən ölümdən qorxu və xof yaranır. Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət (də əbədi səadət) əldə olunur. Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara və nəfspərəstlərə aşkar olar. O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli və xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr də camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır). Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə və pis işlərdən çəkinməyə, Qur’ani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir: (Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar və son mənzillərinə (cənnətə və ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət və ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər və Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər və günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ və sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət və pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət və əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək və pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini və ruzisinin azalacağını ehtimal etmək də yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki iş ölümü yaxınlaşdırmaz və ruzini azaltmaz. (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qur’ani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah və peyğəmbərin elmində cahil və nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm və maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta və büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.) Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan və qulaqları döyməkdən köhnəlməz. Onu dilinə gətirən doğru danışandır. (Çünki Qur’ani-Kərimdə həqiqətə zidd heç nə bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:) Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) onun necə olacağı barədə soruşmusanmı?» Sonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 və 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha və peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmı?» kəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi və alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədir?» Buyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə və pozğunluğa düşəcək.» Sonra dedim: Ya Peyğəmbər! Ühüd günündə bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmı?» Sonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaq?» Dedim ki, «ya Peyğəmbər! Bu iş səbrlik deyil, müjdə və şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət və ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı və çoxluğu, halal və ya haram yolla qazanılması, xeyir və şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət və mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha və Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq və rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə və (haqdan və qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə də) şərabı üzüm və xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə və ərməğan, sələmi alver adı ilə halal sayacaqlar.» Sonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd və kafir, yoxsa fitnəyə uyanlar hesab edim?» Buyurdu ki, (dində) «fitnə və sınaq» məqamında olanlardan.