Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/182-ci xütbə

181-ci xütbə Nəhcül-bəlağə. 182-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
183-cü xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir. Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar. Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).

Bu da həmin xütbənin Qur’anın vəsfi (və xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir

Qur’an (yaxşılıqlara) əmr edən (və pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr və qadağalar mövcuddur və o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil və sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb və onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət və xoşbəxtlik, eləcə də bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) canını o vaxt aldı ki, o, Qur’anın hidayət və qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması və çatdırılmasını bitirmişdi. Buna görə də Allahın əzəmət və böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qur’ani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü (də) sizdən gizli saxlamayıb və bəyənilən və bəyənilməyən heç bir şeyi onun üçün (kitab və sünnədə) aşkar nişanə və bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın və digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq və istəyi, eləcə də qəzəb və qadağası, gələcəkdə (də keçmişdəki ilə) birdir. Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir. (Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən və özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur. Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir. Həmçinin sizi şükr və həmd etməyə həvəsləndirib və sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib. Sizə təqvalı və pərhizkar olmağı tapşırıb. Onu Öz razılığının son dərəcəsi edib və bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə də nəzərləri altında olduğunuz və alın tükləriniz, yatıb-durmaq və oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz və heç kəsə deməsəniz, bilər (və yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz və əməllərinizi yazırlar və) heç bir haqqı qələmdən salmaz və nahaq və edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar və qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu və zülmətlərdən (nadanlıq və azğınlıq zülmətlərindən) işıqlıq və aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə də (Allaha ibadət və xalqa xidmətlə) axirətə tərəf tələsin və ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölümdən qabaq azuqə götürərək elə iş görün ki, Allah və Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə və qayıdış qapısının onların üzünə bağlanması (və onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız. Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan və azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün və Allaha və Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət və çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən və onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı və şeytanla yoldaş olanda necə olacaq?! Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) və onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır? Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda və qandal və zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah və itaətsizlik nəticəsində bu əzaba düçar olsan, nə edəcəksən?) Buna görə də ey bəndələr dəstəsi, nə qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq və (qəbrdəki) sıxıntı və çətinlikdən qabaqkı genişlik və rahatlıqda dincsiniz (Allahın və Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin və bu işdə simiclik etməyin. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət və bəndəlik etsəniz), O da sizə yardım göstərər və sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər (və sizi çətinlik və giriftarçılıqdan qurtarar).» Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət və bəndəlikdə) Allaha (riyakarlıq və özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm də çox qiymətli bir mükafat gözləyir.» O, sizdən zillət və xarlığa görə yardım, malın azlığı və ehtiyac üzündən borc istəməyib. Göylərin və yerin qoşunları Ona məxsus və (hamıya) qalib və alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün və yerin xəzinələri Onundur və O, ehtiyacsız və təriflənəndir. Onun yardım və borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib və onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar). Həmçinin onların bədənlərini çətinlik və əziyyət görməkdən qoruyub. (Qur’ani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf və bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir.» Eşitdiklərinizi deyirəm və Allahdan həm özüm, həm də sizin üçün (yaxşı işlər görməyə nail olmaq və pis işlərə əmr edən nəfsə və şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir və O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.