Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/73-cü məktub

72-ci məktub Nəhcül-bəlağə. 73-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
74-cü məktub


İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onu məktubunun nadürüstlüyünə görə məzəmmət edərək hədələyib). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sənə dalbadal cavab vermək və məktubuna qulaq asmaqla (nadan və azğın olduğun üçün öyüd-nəsihətin sənə heç vaxt xeyir verməyəcəyi və fitnə-fəsaddan əl çəkməyəcəyin barəsindəki) nəzər və düşüncəmi süstləşdirirəm, fərasət və zirəkliyimi (yəqin və inamımı) səhvə salıram (halbuki sənin kimisinin cavabında susmaq lazımdır. Amma mənim cavab verməyimin səbəbi ancaq və ancaq yumşalaraq bir daha səni başa salıb bəhanə gətirməyinə yer qoymamaqdır). Sən hiylə və «zirəngliklə» məndən bəzi şeylər istəyəndə və cavab almaq üçün mənə məktub göndərəndə yalan və pərişan yuxu görən ağır yatmış şəxsə, yaxud da ayaq üstə durmaqdan aciz və biçarə qalmış (nə yol gedə bilən, nə də ayaq üstə dayana bilən) və qarşıya çıxacaq şeyin xeyrinə və ya ziyanına olacağını bilməyən kimsəyə bənzəyirsən. Sən onun kimi deyilsən, bəlkə o sənə oxşayır. (Sənin vəziyyətin başqasına oxşamaqdan da pisdir. Çünki sən bədbəxtlik və biçarəlikdə təksən. Sən ancaq və ancaq özünə oxşayırsan.) Allaha and olsun ki, əgər (əsaslanaraq ona uyğun davranmalı olduğum məsləhətə görə) qalmağını istəməsəydim tərəfimdən sənə sümüyü sındıran və əti əridən (səni məhv edən) zərbə vuranlar (müharibə və döyüşün çətinlikləri) gəlib çatardı. Bil ki, sənin yaxşı işlərə qayıtmağına və nəsihət verənin öyüdlərinə qulaq asmağına (öz zəmanənin imamına üz tutaraq göstərişlərini icra etməyinə) şeytan mane olur. Salama layiq kimsəyə salam olsun!