Novcavan
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Şükür haqqa, yenə gördüm üzünü,
Bağ, çəmən seyrində gəzən novcavan.
Bir danış, eşidim xoş avazını,
Dahanına nabat əzən novcavan.

Sidq ilə çevirdim sənə yönümü,
Apardın ağlımı, din-imanımı,
Qıya baxıb aldın şirin canımı,
Məstinə gözlərin süzən, novcavan.

Sənsən Məhəmmədin canı, cananı,
Cənnəti-rizvanı, huri-qılmanı,
Yüz min möhnətinən sevmişəm səni.
Görüm nə yazıbdı, yazan, novcavan.