Oddadı
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Bənd oldum bir sərviboyun hüsnünə,
Qatıb atəşinə məni oddadı.
Dedim: – Gün düşməsin mələk hüsnünə,
Dedi: – Gör necədi hələ, od dadı.

Dedim: – Çox incitmə eşqə yananı,
Rəhmin gəlsin barı yanhayan anı.
Könül ver, eşqimin olma yamanı,
Dedi: – Görəmməzsən məndə o dadı.

Dedim: – Məmmədhüseyni gəl salma dara,
Qorxudammaz məni hər çətin, dar a!
Dönmərəm dilimdən çəkdirsən dara,
Dedi: – Səməndərin meyli oddadı.