Olacaq-olmayacaq
Müəllif: Cəfər Cabbarlı


İrza xan dün yenə vermişdi zakaz evdə qutab,
Cecim üstündə noxud, lobla da bihəddü-hesab.
“Şod no şod" baxdı fala, qurdalanıb açdı kitab,
Düşünüb xeyli zaman, eylədi axırda xitab:
Durma ey saqiyi-dilbər, mənə bir badə şərab!
Bu nədir, ey dili-qafil! Yeyin, ol, eylə şitab,
Nə yumubsan gözüvü fiirsətə, ey xanəxərab!
Bir də fiirsət sənə İranda nümayan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!

Bu nədir, iş yetişib, sən itiribsən özünü,
Deməyirsən bir açıq əyrini, yaxud düzünü,
Çıx daha ortaya, at maskanı, göstər üzünü.
 Sənə tale ki, gülür, sən nə yumubsan gözünü?
“Şod" de, qurtar işini, söyləginən sən sözünü.
Yoxsa bir də bu cürə gərdişi-dövran olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!

Mənə şeytan deyir: İranda da hürriyyəti qur,
Ən böyük rütbə nədir onda? Rəisi-cumhur.
İki ildən sonra da başladı millət: - Qur-qur.
Başqasın seçdi, mənə söylədi: - Sən rahat otur.
Onda bu xəlq mənə bəndeyi-fərman olacaq?
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!

Var ikən fürsət əlimdə, eləyim fövti-zəval,
Çıxsın əldən bu ucuz tac, bu dövlət, bu cəlal?
Bir vətəndaş mən olum, bir də vətəndaş hambal?!
Fürsəti indi qaçırsam, eləsəm sonra xəyal.
Bir də şah olmaq üçün iş belə asan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!

Bu nədir başlamışam, "şod və nə şod" açmağa fal,
Dönmərəm şəstinə, təbbal, tel ol, təblini çal!
Elə əz, milləti yıx, təxtə otur həqqini al.
Buraxım tacı, geyim başıma bir zorba motal.
Olmasam şah, işim böylə firavan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Alihəzrət ləqəbi çöhrəmə xəndan olacaq.
O zaman Rey olacaq, ya Təbəristan olacaq.
Rey cəhənnəm, hələ bir boş-quru Tehran olacaq.
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Elədim şah özümü, keçdi tutaq üç-dörd il.
Məni xəl etməyə eldən yenə fərman olacaq?!
Bəli, vallah olacaq!