Oynasın (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oynasın (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Gül eyvana çıxan dilbər,
Qoy yel vursun, tel oynasın.
Yanağında bir cüt qoşa
Açmış qızılgül oynasın.

Atlas geymisən bədənə,
Parlaq almaz, dümağ sinə.
Cavanlar həsrətdi sənə,
Süzdür incə bel oynasın.

Aşiqinəm, bir nəzər sal,
Şölə salsın o, ay camal.
Məmmədhüseynə gəl qonaq qal,
Sənlə bütün il oynasın.