Padşahın bir kənizə aşiq olması, Kənizin pulla alınması, sonra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi

Padşahın bir kənizə aşiq olması, Kənizin pulla alınması, sonra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi
Müəllif: Mövlana Cəlaləddin Rumi


Eşidin ey dostlarım, indi məndən bir dastan,
Özü də bir həqiqi dastandır halımızdan.
Öz nağdı halımızdır, axtarsaq kökün əgər,
İndiki dünyamızdan, üqbadan6 verir xəbər.
Çox qədim zamanlarda, bir padişah var idi,
Həm dünyada adil şah, din üçün şahvar idi.
Bir gün həmin gözəl şah, oldu atına süvar,
Sevirdi ovçuluğu, hər vaxt edirdi şikar.
Ov etmək məqsədilə, dağda – daşda qaldı o ,
Bir gün «ov tələsinə», ilişdi, ov oldu o,
-Şah bir kənizi gördü, ov yolunun yanında,
Vuruldu o, kənizə, eşq oyandı canında,
Qəfəsdəki, quş kimi döyünürdü ürəyi,
Pulla aldı kənizi, çin oldu öz istəyi.
Sonra xəbərdar oldu, kənizin əhvalından,
Eşitdi xəstədir o, narahatdır canından.
«Ulaq vardı birində, tapılmırdı palanı,
Palan tapdı ulaqçın, qurd apardı olanı.
Birində kuzə vardı, suyun tapa bilmirdi,
Su tapıldı kuzəyçin, kuzəsini itirdi».
Dünyanın hər yerindən, Şah təbiblər çağırdı,
Dedi:- İkimizində, vəziyyəti ağırdı.
Öz canımı istəməm, canımın canı odur,
Dərdiməndəm, xəstəyəm, dərdin dərmanı odur.
Hər kim dərman edərsə, mənim bu cananımı,
Qızıl xəzinəm onun, alsın xanimanımı .
Hamı o şaha dedi: -Canlar qurbandır sənə,
Bizə icazə versən, şərik olluq dərdinə.
Təbibdir hər birimiz, cahanda məşhuruq biz,
Ağır dərdləri tapan,əlac edən nuruq biz.
Tanrımız əgər onu, şad etmək istəyərsə,
Verər şəfalar ona, şadlıq verər səs- səsə.
« İnşallah» söylənməsə, murad heç vaxt alınmaz,
Sağalma da baş verməz, müalicə olunmaz.
Çoxları « İnşaallah» söyləmiş, yad eyləmiş,
Tez canını tapşırmış, ruhun azad eyləmiş.
Nə qədər içdi dərman ona etdilər dəva,
Çoxaldı əziyyətlər, baş verdi çoxlu cəfa.
Xəstəlik ucbatından, kəniz tük kimi oldu,
Şah göz yaşı axıtdı, rəngi saraldı, soldu.
Qəzadan o kənizin, bənizi çox saraldı,
Badam yağı sürtüldü, rəngi – ruhu qaraldı.
Həlilədən qəbz oldu, hərarəti də artdı,
Su içmək yatırmadı, susuzluq ərşə çatdı.
Bədəni tam süst oldu, yuxu ərşə çəkildi,
Ürəyinə dərd qondu, göz yaşları töküldü.
Ədviyyələr şərbətlər, verildi o kənizə,
Təbiblərdə yoruldu, dərdi baxmadı sözə.