Parisdən-Tehrana

Parisdən-Tehrana
Müəllif: Cəfər Cabbarlı

"İrzaxan", sən məşədi, mən Hacıyam,
Sən elin qəmçisi, mən qırmacıyam.
Sən bir az "çəp” yürüyən,
Mən də bir az qıyqacıyam.
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Gəl bir az əyri otur, düz danışaq:
Şah sən ol ya "mən" olum varmı maraq?
Söz gedir təxt ilə tac üstə, qoçaq.
Sən bu təxtin susuzu, mən acıyam.
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Millətin tovladı şeytan başını,
Şahlığın atdı dibindən daşını;
Sən qurursan yenidən bu “maşını".
Təxt üçün sən anasan, mən bacıyam,
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Deməli, xalq əməyi getdi hədər;
Yenə də köhnə “karet", əski yəhər;
Yenə də şəşəələr, dəbdəbələr.
Şahlığın sən qazanı, mən sacıyam,
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Yenə də əski “saray" əskicə "dam".
Yenə bir şəxsə baxar məclisi-am.
Yenə də əskicə tas, əski hamam.
Yenə bəs mən "qalısan", mən "qaçıyam",
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Mən yenə getmiş idim eldən uzaqdı səbətim,
El yenə dərdyarı görməzdi uzaqdan sifətim,
Sən durubsan başiüstə göz “açammaz ki yetim".
Sən görüm yaxşı müsəlman tacı, mən Rum taciyam;
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Burda var bir neçə sultan edəcək təbirim,
Çox ucuz düşməyəcəkdir sənə bu təhqirim,
Bu da işdir! “Sən açıl, mən vururam zəncirimi?”
"Yaxşı"dır şahlıq əgər, bəs nə imiş təqsirim?
Sən saray sahibi, mən bir quruşun möhtacıyam.
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?

Yığışıbdır buraya bir neçə nimdaşt sultan,
Yox bu millətdə vəfa, sən də olarsan peşman.
Mən "avansom" burada sazlamışam bir qəlyan,
Gələcəksən bilirəm sən də bu dönməz yoldan.
Para göndər, sənə də burda "bi dükkan açıyam".
İkimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?