Qəmlənmə
Qəmlənmə (XVII əsr) Müəllif: Qaracaoğlan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Qoyun mələr, quzu mələr,
Sular xəndəyinə gələr,
Ağlayanlar bir gün gülər,
Qəmlənmə, könül, qəmlənmə.
İgid igidə yad olmaz,
Yaxşılarda xam süd olmaz,
Min qayğı bir borc ödəməz,
Qəmlənmə, könül, qəmlənmə.
İgid igidin yoldaşı,
At igidin öz qardaşı,
Sağlıqdır hər işin başı,
Qəmlənmə, könül, qəmlənmə.
İgid igidə taraz olur,
Köntöylər yaramaz olur,
Pis günün ömrü az olur,
Qəmlənmə, könül, qəmlənmə.
Naçar, Qaracaoğlan, naçar,
Pəncə vurub köksün açar.
Qara günlər gəlib keçər,
Qəmlənmə, könül, qəmlənmə.