Qaç, baba
Müəllif: Cəfər Cabbarlı

Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!
Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!

Mən demədimmi sənə etmə bizi dəngəsər!
Cəmləşib xalq hamı başını birdən əzər!
Mən deyən olmadımı, oldumu, ya sərbəsər?
İndi buyur... bax, yazılıbdır nələr?
Yumma, dəxi gözlərini aç, a Babayi-Əmir!
Durma, götür başını qaç, a Babayi-Əmir!

Sən götürüb yazmışsan qızlara zülm etməli,
Gündə çomaxla qızı hey döyüb incitməli,
Qız nədi, məktəb nədi? Onlar hamı bitməli,
Güclə, kötəklə bütün qızlar ərə getməli.
Süzmə dəxi gözlərini, aç, a Babayi-Əmir!
Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir!

Sən yolunu azmısan, anlamayırsan özün,
Qol-qıçını sındıran xalqa deyirsən qızın,
Qızlara insan kimi baxmamaq imiş sözün,
... Əfəndi bilib süzmə dəxi qaş-gözün,
Kafir olub salmısan xaç, a Babayi-Əmir!
Yumma, dəxi gözlərin aç, a Babayi-Əmir!
Durma, şuluqdur işin, qaç, a Babayi-Əmir!