Qalıbdır (Molla Cümə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qalıbdır
Müəllif: Molla Cümə
Aşıq Rəcəbin vəfatına
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Ay ağalar, ixtiyarsız dünyadır,
Neçələrin ötgün sözü qalıbdır.
Neçə uluların, neçə qazının,
Neçə əfəndinin yazı qalıbdır.

Neçələrin bala durmaz yuvada,
Neçələrin əli qalmaz duada,
Neçələri dövran sürür dünyada,
Neçələrin seyri, düzü qalıbdır.

Neçələri xınalayır əlləri,
Neçələri döşə düzür gülləri,
Neçələri nicələyir belləri,
Neçə gözələlrin nazı qalıbdır.

Neçələri mərhum olur beşində,
Neçələri ölür otuz beşində,
Neçələri gedir doxsan yaşında,
Neçələrin gündə gözü qalıbdır.

Mən Cüməyəm xoş keçinmir zamanım,
Axirətdə qarşı gəlsin imanım,
Beş gün dövr etməyə gəlmir gümanım,
Ol Aşıq Rəcəbin sazı qalıbdır.