Qoç Koroğlu
Müəllif: Aşıq Cünun
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

İgidlər oylağı o Çənlibeldə
Daşdan qala quran qoç Koroğludu,
Kinli paşalara meydan oxuyan
Çox köhlənlər yoran qoç Koroğludu.

Düşmənin üstünü quş tək aldıran
Aslanlar dişindən ovu saldıran,
Xaqanlar başına şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludu.

Dağları, daşları duman bürüsə,
Qılınclar pas atıb qında çürüsə,
Misir, İstambul, Şam tamam yerisə,
Tək qabaqda duran qoç Koroğludu.

Qayada tor qurub tərlanlar tutan,
Yüz yağını birdən qol-qola çatan,
Ərəb at döşünə sərdarlar qatan,
Ər bağırlar yaran qoç Koroğludu.

Cunun, əyləşiblər ərlər qarşında,
Alaylar boşlanar tər savaşında,
Yeddi min yeddi yüz dəli başında,
Şahlar üstə varan qoç Koroğludu.