Qocaldım (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qocaldım (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Heyif, cavanlığım getdi əlimdən,
Əməyim əlimdə qaldı, qocaldım.
Bağ bəslədim, iyləmədim gülündən,
Vədəsiz əlimdə soldu, qocaldım.

Qəm məni çulğadı, dəryaya daldım,
Huş getdi başımdan divanə oldum.
Heyvatək saralıb, gül təki soldum,
El məni nəzərdən saldı, qocaldım.

Yatmışdım qəflətdən qəfil oyandım,
Dəryatək çalxandım, seltək bulandım.
Aldım mən əlimə əsa dayandım,
Sənəmlər də mənə güldü, qocaldım.

Dərd əhliydim, dərdim artdı təzədən,
Haqq saxlasın müxənnəsdən, nakəsdən.
Ət tökülüb bədənimdə o gündən,
Görən deyir: “Bu nə haldı”, – qocaldım.

Məmmədhüseynəm, keçdi günüm, xoş çağım,
Səfalı guşələr mənim oylağım.
Eşqiylə coşduğum Tərsə yaylağım,
Mənə bir keçilməz yoldu, qocaldım.